Elçin Mirzəbəyli: \"Azərbaycan xalqı və torpaqları ikiyə bölünüb və onun böyük hissəsi İran adlanan dövlətin nəzarəti altındadır\" - MÜNASİBƏT

Elçin Mirzəbəyli: \"Azərbaycan xalqı və torpaqları ikiyə bölünüb və onun böyük hissəsi İran adlanan dövlətin nəzarəti altındadır\" - MÜNASİBƏT

Son günlər bəzi politoloq və millət vəkilləri tərəfindən Azərbaycan Respublikasının adının dəyişdirilməsi haqda təkliflər irəli sürülür. Hətta Milli Məclisin qış sessiyalarının birində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bu ideyasının tərəfdarı kimi açıq şəkildə çıxış etdi. Onu dəstəkləyənlər də oldu. Bu fikrin tərəfdarlarının və əlehdarlarının olduğunu, o cümlədən mövzunun maraqlı tərəflərini nəzərə alan Səs Televiziyası politoloq Elçin Mirzəbəylini və tarixçi alim Firudin Cümşüdlünü studiyaya dəvət edərək onların münasibətini öyrənməyə çalışıb.



Aparıcı: - Ümumiyyətlə, Azərbaycanın adının dəyişdirilməsi ideyası nə dərəcədə əsaslandırılıb?

Elçin Mirzəbəyli: - İlk öncə onu qeyd edim ki, söhbət Azərbaycanın adının dəyişdirilməsindən yox, Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan qoyulmasından gedir. Azərbaycanın tarixi torpaqlarının iki hissəyə bölünməsi bir həqiqətdir. Bu gün bu torpaqların əsas hissəsi İran adlanan dövlətin sərhədləri çərçivəsindədir. Orada 35 milyondan artıq soydaşımız yaşayır və onlar öz milli hüquq və azadlıqları uğrunda mübarizə aparırlar. Dünyada yaşayan azərbaycanlıların yeganə dövləti isə Şimali Azərbaycan torpaqlarında yerləşir. Cənubi azərbaycanlıların apardığı mübarizə bir sıra problemlərlə müşahidə olunur. Ayrı-ayrı diaspor təşkilatları və dünya azərbaycanlıları mütəmadi olaraq müraciət edirlər ki, bu problemlərin aradan qaldırılması istiqamətində işlər aparılsın. Əlbəttə, bu təklif yeni deyil. Ötən əsrin əvvəllərində də bu təşəbbüslər səsləndirilib. Nəzərinizə çatdırım ki, Şimali Azərbaycan və Cənubi Azərbaycan ifadələri coğrafi anlayış kimi mövcuddur. Bu anlayış tarixi, ədəbi və mədəni müstəvidə mövcud olduğu kimi bunun siyasi sahəyə gətirliməsinin yeganə məqsədi ondan ibarətdir ki, Azərbaycan xalqının bölünmüş bir xalq olduğu bir daha gündəmə gəlsin. Eyni zamanda Azərbaycan xalqının torpaqlarının bir hissəsinin işğal olunduğu və başqa bir dövlətin ərazisində 35 milyon insanın haqlarının tapdalandığı məsələsi bir daha gündəmə gəlsin. Həmçinin beynəlxalq təşkilatlar və dünya birliyi bu məsələyə öz reaksiyasını bildirsin. Məsələnin əsas mahiyyətində məhz bu amil dayanır.

Əlbəttə, reallıq ondan ibarətdir ki, İran adlanan dövlətin ərazisində yerləşən Azərbaycan torpaqları da bu neçə hissəyə və vilayətə bölünüb. Onların da bir hissəsi Qərbi Azərbaycan adlanır. Ancaq bütövlükdə biz həmin əraziləri Cənubi Azərbaycan adlandırırıq. Bu xalqın və torpağın ikiyə bölünməsi tarixi gerçəklikdir, coğrafi reallıqdır. Bu məsələnin Azərbaycan üçün hansısa problem yaradıb yaratmadığına gəldikdə isə hər hansı bir dövlətin adının dəyişdirilməsi bu dövlətlərin özünə aid olan daxili işidir. Yəni bu bir hüquqi prosedurdur. Bu sərhədlər çərçivəsində də Azərbaycan Respublikası BMT-nin üzvüdür. Dövlətin adının dəyişdirliməsi də onun hüquqi öhdəliklərinə və onun sərhədlərinə hər-hansı bir təsir göstərmir.


Firudin Cümşüdlü: - Əgər biz tariximizə eramızdan əvvəl, qədim dövrdən müraciət etsək görərik ki, Azərbaycan xalqı Cənub və Şimal hissəyə ayrılmayıb. Azərbaycanın bölünməsinə əsas səbəb 1828-ci il fevralın 10-da Çar Rusiyası ilə İran dövləti arasında bağlanan "Türkmənçay" müqaviləsi olub və sonra Azərbaycan xalqı iki hissəyə bölünüb. Belə ki, şimal hissəsi Çar Rusiyasının işğalına məruz qalıb, cənub hissəsi isə İran dövlətinin tabeliyinə keçib. Bu günə qədər Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan adı verilməsi tarixi nöqteyi-nəzərdən məncə, düzgün deyil.



Aparıcı: - Bu ideyanın həyata keçirilməsi özü ilə yanaşı hanısa ağrılı problemlər gətirə bilərmi?


Firudin Cümşüdlü: - İranda yaşayan 35 milyondan çox azərbaycanlının bir dövləti, bir qurum kimi fəaliyyəti yoxdur. Biz bütöv xalqımızın birliyi, əzəməti uğrunda mübarizə aparmalıyıq və bizim əsas amalımız odur ki, Azərbaycan böyük bir dövlətə çevrilsin. İndiki dövrdə bizim Azərbaycan Respublikasına Şimali Azərbaycan adını verməyimiz heç də bizə uğur gətirməyəcək.


Elçin Mirzəbəyli: - Əlbəttə, Cənubi Azərbaycanda dövlətçilik mövcud deyil və bu məsələdə əvvəlcədən ön yarqı ola bilməz. Belə bir fakt meydana çıxır, Cənubi Azərbaycan coğrafi ərazi kimi mövcuddurmu? Təbii ki, mövcuddur. 9 milyonluq bir toplum bütövlükdə digər 35 milyonun haqqına sahib çıxır. Biz Azərbaycanın adının unutdurulmaması və bu adın tarixi mövcudluğunun qorunması üçün Azərbaycanın ikiyə bölünməsi faktını dünya ictimaiyyətinə çatdırmaq istəyirik. Azərbaycan xalqı və torpaqları ikiyə bölünüb və onun böyük hissəsi İran adlanan dövlətin nəzarəti altındadır. Bu rejim bütün siyasətindən və imkanlarından istifadə edərək toponimlərin, həmçinin Azərbaycanının yer adlarının və coğrafi adlarının dəyişdirilməsinə çalışır. Eyni zamanda da Azərbaycan xalqının assimliyasiya olunmasına çalışır. Bu prosesin qarşısının alınması və Cənubi Azərbaycan türklərinin hüquqlarının müdafiəsi üçün belə bir toplumun varlığını dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Bu təbliğatın aparılması, fikrin və ideyanın müdafiə olunması vacibdir. Bununla da dünya ictimaiyyətinə çatdırmaq lazımdır ki, 35 milyonluq bir toplum bu gün İran adlanan bir dövlətdə çoxluq ola-ola öz haqqına sahib çıxa bilmir. Öz tarixi ərazilərində öz müqəddəratını təyin edə bilmir. Bu problemin kökündə də məhz bu amil dayanır.


\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə