Sahdağ Qış-Yay Turizm kompleksində işlər sürətlənib

Sahdağ Qış-Yay Turizm kompleksində işlər sürətlənib

Şahdağ Qış-Yay Turizm Kompleksinin kanat və xizək enişi ilə bərabər lift bazalarının tikintisi başa çatıb. Hazırda 4 ulduzlu otelin daxili hissəsində tamamlanma işləri gedir.

SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, kompleksin birinci mərhələsinin açılışı 2012-ci ilin fevral ayına planlaşdırılır. Artıq bir neçə ay sonra, \"Şahdag\" qış-yay turizm kompleksi qonaqlara öz qapılarını açacaq və 430-a qədər turisti qəbul edə biləcək. Qonaqlar 4 ulduzlu 5 mərtəbəli, yüksək səviyyədə tikilmiş mehmanxanada yerləşə biləcəklər. Burada rahat standart, lyuks və yarım lyuks nömrələrdən əlavə, qonaqlara hər zövqə uyğun kafe, bar və restoranlar, hovuzlu spa mərkəzi, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, turistlərin xizəkdə sürüşmək təlimi üçün xizək məktəbi və xizək avadanlığının kirayəsi, avtomobil üçün rahat yeraltı dayanacaq təklif ediləcək. Həmçinin, kompleksdə 2-3 gün istirahət etmək istəyən turistlər üçün yaşayış nömrələri olan lift bazasının binası fəaliyyət göstərəcək. Burada tibbi mərkəz ,xizək məktəbi və xizək avadanlığının kirayəsi, kafe, restoranlar, barlar, inzibati və xidməti obyektlər yerləşəcək.

Həmçinin burada kanat yollarına biletlərin satış məntəqəsi və yeraltı dayanacaq yerləşəcək. "Şahdağın" ilk qonaqları bu unikal guşənin bütün gözəlliklərindən zövq ala, xizəklərdə və kirşədə sürüşə biləcəklər. Burada turistlər şəhər təlaşından və böyük şəhərin səslərindən istirahət edə biləcəklər və əksinə səs-küylü şənliyin həvəskarları musiqi və əyləncə dünyasına atıla biləcəklər. \"Şahdağ\" öz qonaqlarına unudulmaz istirahəti təklif edəcək və hər kəs öz zövqünə görə məşğuliyyət tapacaq.

Xüsusilə qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən böyük qayğı və diqqət göstərildiyi kompleksin bütün vacib infrastrukturu yaradılıb. Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində yerləşən Kompleksdə 2012-ci ilin qış mövsümündə daha 4 xizək eniş xəttinin istismara verilməsi planlaşdırılır. Ölkədə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaq layihədə kanat yollarının çəkilişi davam edir. Ərazidə birinci mərhələdə doqquz kanat yolu çəkilməsi nəzərdə tutulub. Kanat yollarının çəkilişini bu sahədə böyük təcrübəsi olan Avstriya şirkəti həyata keçirir. Layihəyə əsasən hazırda 346 yerlik 4 ulduzlu otelin daxili hissəsində qızğın iş davam edir. Aşağı lift bazasında 312 yerlik 5 ulduzlu otel və 276 yerlik 3 ulduzlu otelin də inşası layihədə öz əksini tapıb. Artıq yuxarı bazada 5 ulduzlu otelin bünövrəsidə qoyulub. Ərazisi 2045 hektardan artıq sahəni əhatə edən kompleksin tikintisi ümumilikdə 8-10 il ərzində tam başa çatdırılacaq. Artıq birinci mərhələdə bütün vacib kommunikasiya - elektrik, su və qaz kəmərləri, kanalizasiya, rabitə xəttləri, Qusar rayon mərkəzini idman kompleksilə birləşdirən 25 km uzunluqda avtomobil yolu, dağ çayları üzərindən körpülərin salınması işləri uğurla baş tutub. Burada dağ relyefi ilə kəsişən yol bütün beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına müvafiq olub, ilin bütün fəsillərində avtonəqliyyatın maneəsiz gedişinə şərait yaradacaq. İkinci mərhələdə isə qaldırıcılar şəbəkəsinin və mədəni-idman qurğularının genişləndirilməsi, kotteclərin və bağların kütləvi inşası daxildir. Üçüncü mərhələ yeni xizək yollarının salınması və yaşayış zonasının genişləndirilməsinin davamını əhatə edir.

Kompleksin ərazisində yerdəyişmə üçün 8 nəfərlik qapalı tipli mono-qondollar, o cümlədən xizəkçilərin tam təchizatla xizək yolunun zirvəsinə çatdırılması üçün kürsü tipli qaldırıcı, bugel qaldırıcı qurğulardan, xalça yolundan istifadə olunacaq. Xizək yolları müxtəlif mürəkkəblik dərəcələrində layihələndirilib-peşəkarlar, yeni başlayanlar və uşaqlar üçün. Bütün yol boyu süni qarlaşdırma avadanlıqlarının yerləşdirilməsi nəzərdə tutulub. Düşən yağıntının miqdarından asılı olmayaraq bütün qış mövsümündə xizək yollarının açıq qalmasına şərait yaradan belə qurğular dünyanın bütün tanınmış qış kurortlarında var. Qusarlılar regionda analoqu olmayan belə bir qurğunun məhz rayonda tikilməsi yüksək qiymətləndirir, dövlət başçısına minnətdarlıq edirlər.

Kompleksin ərazisində həmçinin tennis, futbol və basketbol meydançaları, üstü örtülü idman qurğuları, hovuzlar, əyləncə-oyun kompleksləri, istirahət edənlərə piyada və at gəzintisi təklifləri və s.nəzərdə tutulub. Həmçinin burada ticarət mərkəzləri, restoranlar, əyləncəvi, xidməti və məişət obyektlərinin, o cümlədən avtomobillər üçün yerüstü və yeraltı dayanacaqların tikintisi nəzərdə tutulub. Kompleksin şərq ərazisində, bir-iki günlük istirahətə gəlmiş qonaqların qəbulu üçün kempinqlərin yerləşdiyi daha bir istirahət zonası salınacaq. Bu cür sxem, əhali çoxluğunu turist axınının yerləşdirilməsinə, həmçinin kompleksin əsas zonasına avtonəqliyyat girişinin məhdudlaşdırılmasına imkan verəcək.


Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə