Azərbaycanın Baş prokuroru AŞPA-nın həmməruzəçiləri ilə görüşüb

Azərbaycanın Baş prokuroru AŞPA-nın həmməruzəçiləri ilə görüşüb
Azərbaycanın Baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Baş prokuror AŞPA ilə Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edib, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün normativ-hüquqi bazanın yaradılması, korrupsiya ilə mübarizə sahəsində görülən konkret işlər və bu sahədə qeyri hökumət təşkilatları ilə birgə layihələrin həyata keçirilməsi barədə ətraflı məlumat verib.
Z. Qaralov Avropa hüquq təcrübəsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin Azərbaycan Prokurorluğu qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran Baş prokuror, çıxışında respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, prokurorluq orqanlarının insan hüquqlarının qorunması istiqamətində apardığı işlər, o cümlədən "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar bu sahədə konkret işlərin həyata keçirildiyini xüsusi vurğulayıb.

AŞPA ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən Pedro Aqramunt de Mora, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, xüsusilə insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən qanunvericilik aktları üzrə Avropa Şurası ilə birgə görülən mühüm tədbirləri yüksək qiymətləndirib. Təmsil etdikləri qurumun ölkəmizdə gedən demokratik prosesləri dəstəklədiyini xüsusi qeyd edən qonaq, bu sahədə hüquqi yardım göstərməyə daim hazır olduğunu diqqətə çatdırıb.Görüşdə səmərəli fikir mübadiləsi aparılıb və maraq doğuran suallar ətraflı cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə