Gürcüstanın xarici işlər naziri: “Sərhədlərin dəyişdirilməsi yolverilməzdir və münaqişələr ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”
"Gürcüstan öz ərazisindəki münaqişələrinə hansı prinsiplə yanaşırsa, digər münaqişələrə də o cür yanaşır". SİA-nın verdiyi məlumata görə, bu sözləri AŞPA sessiyasında Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın sualına cavab olaraq deyib.
Q.Paşayeva nazirə aşağıdakı sualı ünvanlayıb: "Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyi üçün mühüm alternativ mənbə və dəhlizdir. Ancaq Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin uzun illərdir həllini tapmaması regionda vəziyyəti daha da gərginləşdirir və təkcə Cənubi Qafqaz regionu üçün deyil, Avropanın enerji təhlükəsizliyi üçün böyük təhdid yaradır. Siz Avropa qurumlarının bu münaqişələrin tənzimlənməsindəki səylərindən razısınızmı və bununla bağlı gözləntiləriniz nədir?"
Q.Vaşadze cavabında qeyd edib ki, Gürcüstan işğal olunmuş ərazilər məsələsində beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsini və münaqişələrin bu norma və prinsiplər əsasında tənzimlənməsini istəyir: "Digər münaqişələrə yanaşmamızda da prinsiplərimiz eynidir. Sərhədlərin dəyişdirilməsi yolverilməzdir və münaqişələr ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır. Beynəlxalq təşkilatların bu məsələdə nə qədər effektiv rol oynadığını soruşdunuz. Ölkəniz - bizim strateji müttəfiqimiz Azərbaycan münaqişənin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Biz də Azərbaycanın da bu istiqamətdəki səylərini dəstəkləyirik. Hesab edirik ki, Cənubi Qafqaz bölgəsi təbii ehtiyatları, geostrateji mövqeyi və insan potensialı ilə önəmli və zəngin bölgədir və buradakı münaqişələrin sülh yolu ilə həlli istiqamətində beynəlxalq səylər daha da güclənməlidir. Bu münaqişələrin həlli Cənubi Qafqazı əməkdaşlıq bölgəsinə çevirə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB