Elman Nəsirov: \"Siyasi dialoqun həll etmədiyi məsələni xalq diplomatiyası da həll edə bilməz\"

Elman Nəsirov: \"Siyasi dialoqun həll etmədiyi məsələni xalq diplomatiyası da həll edə bilməz\"

Ötən ilin dekabr ayından gündəmlərə damğasını vuran Fransanın qondarma \"erməni soyqırımı\" ilə bağlı qanun layihəsi dünən qəbul edilib. Fransanın bu addımı hansı nəticələri verəcək? Bundan sonra Minsk qrupunun həmsədrlərindən olan Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa obyektivlikdən danışması nə dərəcədə qəbul olunandır? Bu və ya digər məsələlərlə bağlı suallarımızı politoloq, siyasi elmlər doktoru Elman Nəsirov cavablandırıb:

- Elman müəllim, Fransa Senatında Erməni soyqırımı ilə bağlı qanun layihəsi qəbul edildi. Bu qanun Fransaya nə qazandıracaq? Daha doğrusu,bundan sonra qanunun hansı fəsadları gözlənilir?

-Əvvəla qeyd etmək istərdim ki, bu, ifadəsi olmayacaq qədər yanlış adddımdır. Çünki dünyada qondarma \"erməni soyqırımı\"nı qəbul edən dövlətlər olsa belə, bu barədə qanun qəbul edən ilk dövlət Fransa oldu. Burada əsas məsələ Fransanın milli maraqları idi. Fransa prezidenti Nikolya Sarkozinin yenidən prezident seçilmək cəhdləri bütün həqiqətləri göz ardına vurmasına səbəb oldu. Bildiyiniz kimi, qanun layihəsi qəbul edildi və artıq təsdiqlənmək üçün prezidentə təqdim ediləcək. Fransa prezidentinin özü bu işdə təşəbbüskar olduğundan qanunun işə düşməsi heç kəsdə təəccüb doğurmayacaq. Bu hadisə ilə Türkiyə ilə Fransanın diplomatik-siyasi, iqtisadi-ticari, hərbi-təhlükəsizlik sahəsində əməkdaşlıqlarının tamamilə dondurulacağını bilirik. Lakin bu təkcə ikitərəfli münasibətlərin pozulması deyil. Eyni zamanda, NATO kimi güclü bir təşkilatın öz daxilində ciddi etibarsızlıq və çat yaranacaq. 2012-ci ilin may ayında NATO-nun Çikaqoda növbəti sammiti keçiriləcək. Bu sammitdə əsas müzakirə ediləcək məsələnin isə NATO daxilindəki ziddiyyətlər və Türkiyə-Fransa münasibətləri olacağını proqnozlaşdırmaq o qədər də çətin deyil. Düşünürəm ki, hadisələr bununla yekunlaşmayacaq. Fransa dövləti Sarkozinin timsalında bu məsələdə bir president yaratmağa çalışacaq. Fransa özünə olan təzyiqləri yüngülləşdirmək üçün Avropa İttifaqına üzv olan dövlətlərin bu məsələyə baxışını dəyişməyə çalışacaq. Artıq hər şey Türkiyənin bundan sonra atacağı addımların kəsərliliyi, ardıcıllığı və qətiyyətliliyindən asılı olacaq.

- Elman müəllim, Türkiyənin atacağı addımlardan söz açdınız. Elə bu məqamda, sizcə, Türkiyə hansı addımları ata bilər və atmalıdır?

-Bildiyiniz kimi, dekabr ayının 22-də Fransa parlamentinin Aşağı Palatasında bu qanun qəbul edilən zaman Türkiyə 8 sahədə sanksiya tətbiq etmişdi. Bunlar əsasən, diplomatik, iqtisadi, biznes və humanitar sahələri özündə ehtiva edirdi. Türkiyə həmin sahələr üzrə embarqonu daha da genişləndirəcək. Eyni zamanda bundan sonra Türkiyənin NATO çərçivəsində Fransa ilə olan bütün əməkdaşlıqlarına son qoyması da əsas gözləntilər arasındadır. Türkiyənin dəstəkləmədiyi bir sıra addımların atılması Fransa üçün çox qəliz nəticələr verəcək. Eyni zamanda bundan sonra Türkiyə xarici siyasətində Fransanın arzulamadığı istiqamətdə müəyyən dəyişikliklər ediləcək. Məsələn, ABŞ-la münasibətlərdə dəyişikliklərin ediləcəyi istisna deyil. Bu gün Türkiyə bilir ki, Sarkozinin rəhbərlik etdiyi Fransa əsasən ABŞ-dan asılı siyasət yeridir. Buna görə də, Sarkozi tənqid olunur. Çünki bu günə qədər heç bir Fransa prezidenti öz siyasətində ABŞ-dan bu qədər asılı olmayıb. Türkiyənin ABŞ-la daha sıx əməkdaşlıq etməsi isə Fransaya növbəti təzyiq olacaq. Türkiyənin indiki vəziyyətdə mövqeyi passiv, atdığı addımlar qeyri-mütəşəkkil olarsa, yaranmış situasiyanın məğlubu ola bilər. Çünki bu gün bir çox dövlət Türkiyənin hansı addımları atacağını gözləyir. Əgər Türkiyə dediklərini etməsə digər dövlətlərdən də Fransaya oxşar addımların atılmasını gözləyə bilərik. Lakin görsələr ki, Türkiyə sözün əsl mənasında xarakter nümayiş etdirdi, onda digər dövlətlər bu addımdan nəticə çıxaracaq və Sarkozi hakimiyyətdən getdikdən sonra bu məsləyə yenidən baxış da mümkün olacaq.

- Bu qərarın qəbul edilməsi heç şübhəsiz ki, təkcə Türkiyəyə deyil, eyni zamanda Azərbaycana qarşı da yönəlib. Belə olduqda, Azərbaycanın mövqeyi necə olacaq?

-Ümumiyyətlə, Azərbaycanla Türkiyə strateji tərəfdaş dövlətlərdir. Türkiyə ilə Azərbaycan hər zaman bir-birilərinin mövqelərini müdafiə ediblər. Bu gün də Fransanın Türkiyənin əleyhinə qəbul etdiyi bu sərsəm qərar birbaşa Azərbaycana da ünvanlanıb. Çünki Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir. Həmsədrlik institutunun isə neytral, tərəfsiz, obyektiv olmaq kimi əsas cəhətləri var. Lakin bu hadisə həmsədr dövlət olan Fransanın ermənipərəstliyini birmənalı şəkildə ortaya qoydu. Heç Ermənistanda belə bir qanun yoxdur. Yəni, ermənilər özləri Fransa qədər ermənipərəst deyillər. Bu cür addım atan bir dövlətin də Dağlıq Qarabağ münaqişəsində tərəfsiz mövqe göstərməsinə, neytrallığına ümid etmək qeyri-mümkündür. Hesab edirəm ki, Fransada qəbul edilən bu qanun Azərbaycan-Fransa əlaqələrinə də təsir edəcək. Xarici işlər nazirliyinin də mövqeyi məlumdur və belə bir qanun qəbul edildiyi təqdirdə adekvatlığını ortaya qoyacağını bildirib. Bu da o deməkdir ki, Türkiyəyə vurulan zərbə Azərbaycana vurulmuş kimidir və Azərbaycan hər zaman Türkiyənin yanındadır.

- Elman müəllim, son olaraq gündəmin digər əsas mövzusu olan prezidentlərin görüşü haqda fikir bildirməyinizi istərdim. Bildiyimiz kimi, dünən Azərbaycan-Rusiya-Ermənistan prezidentləri arasında Soçidə 10-cu görüş baş tutdu. Bu görüş nəticəsində bəyanat qəbul eilsə də münaqişənin həllində ciddi irəliləyiş əldə olunmadığını deyə bilərikmi?

-Heç şübhəsiz ki, bu görüş nəticəsində də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa ciddi addım atılmadı. Onsuzda bu görüşdə ciddi nailiyyətin əldə olunması təəccüb doğurardı. Çünki 2011-ci ildə Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe mart ayında keçirilən Soçi və iyun ayında keçirilən Kazan görüşünün nəticəsiz qalmasına gətirib çıxarmışdı. Düzdür, müəyyən yeniliklərin olduğu da göz qabağındadır. Məsələn, Ermənistan prezidenti ilk dəfə idi ki, qarşısında münaqişə tərəflərindən birini yox, eyni zamanda BMT TŞ-nın qeyri-daimi üzvü olan bir dövlətin rəhbərini görürdü. Digər tərəfdən isə, bu görüş Dimitri Medvedevin prezident statusunda iştirak edəcəyi son görüş idi. Belə olan halda adətən prezidentlər yaddaşlarda qalmaq üçün ciddi uğurlara imza atmağa çalışırlar. Bu baxımdan Dmitri Medvedevin cəhdləri də qəbul olunmuş bəyanatda özünü əks etdirirdi. Bəyanatda münaqişənin həllinin siyasi dialoqdan xalq diplomatiyasına verilməsi ən çox diqqəti cəlb edən tezis idi. Lakin mən düşünmürəm ki, siyasi dialoqun həll etmədiyi məsələni xalq diplomatiyası həll edə bilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə