Mübariz Qurbanlı: \"Dağlıq Qarabağ münaqişəsinin həll olmamasına səbəb böyük dövlətlərin ortaq məxrəcə gələ bilməməsidir\"-MÖVQE
\"Ötən gün Soçidə prezidentlərin üçtərəfli görüşünün keçirilməsi və sonda birgə bəyanatın qəbul edilməsini müsbət hadisə hesab edirəm\". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. O bildirib ki, hər halda təmas xəttində atəşin qarşılıqlı şəkildə dayandırılması ilə bağlı razılığın əldə olunması hüquqi və diplomatik baxımından üstünlüyümüzü nümayiş etdirdi.
"Hətta erməni mətbuatının əksəriyyəti bu fikirdədir ki, Sarkisyan Soçidə diplomatik baxımdan İlham Əliyevə məğlub olub. Əlbəttə, burada mürəkkəb proses gedir. Azərbaycan tərəfi səmimiyyət nümayiş etdirir. Amma Fransa kimi ölkələr hərəkətlərindən ruhlanan ermənilər əlbəttə, bu cür danışıqlarda qeyri-konstruktivlik nümayiş etdirir. Təbii ki, onun qeyri-konstruktiv addım atmasının arxasında Fransa Senatında qəbul edilmiş bu tipli qərarlar, başqa ölkələrdən onlara verilən dəstəklər olub. Yoxsa Ermənistan bu məsələdə Azərbaycanla üz-üzə, təkbətək heç vaxt bu cür hərəkət edə bilməz", - deyə o əlavə edib.
M.Qurbanlı 2012-ci il ATƏT-in Minsk qrupunun həmsədr ölkələrində prezident seçkilərinin keçiriləcəyindən Dağlıq Qarabağ münaqişəsinin həllinin ikinci plana keçəcəyi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin niyə həll olmadığı məlumdur: "Ona görə həll olmur ki, bu münaqişədə böyük dövlətlər ortaq məxrəcə gələ bilmir, bunlar bütövlükdə öz maraqlarını önə çəkir. Fransa Senatındakı hərəkətlər bir daha göstərdi ki, Qərb dünyası bu münaqişə ilə əlaqədar ədalətli mövqe tutmur. Bu ədalətsizlik bizi daha çox toparlanmağımıza, iqtisadi gücümüzü artıraraq düşmənə qarşı taqətdən salma siyasətinə sövq edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB