“Erməni soyqırımı”nı dəstəkləyən Fransanın sonrakı taleyi... - TƏHLİL
Xəbər verdiyimiz kimi, Fransa Milli Assambleyasının uydurma "erməni soyqırımı" qanun layihəsi bu gün ölkə parlamentinin yuxarı palatası olan Senatda müzakirə edilir. SİA-nın xəbərinə görə, lakin qanun layihəsinin müzakirəsindən əvvəl qurumun Qanunvericilik komitəsi tərəfindən ötən həftə qəbul olunmuş qərar səsə qoyulacaq. Fransada bir çox nüfuzlu siyasətçilər, tarixçilər və ziyalılar qanun layihəsinin əleyhinədir. İlk növbədə qanunverici orqanın tarixi məsələlərlə bağlı hüquqi münasibət bildirməsinin nə dərəcədə düzgün olduğu sorğu-sual edilir. Layihənin Konstitusiyanın fikir və söz azadlığı ilə bağlı müddəalarına zidd olduğu bildirilir.
Fransa cəmiyyətində narahatlıq doğuran məqamlardan biri də budur ki, qanun qəbul edilərsə, Türkiyə ilə münasibətlər tam pozula bilər. Prezident Nikola Sarkozinin ötən həftə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubun məzmunundan bu narahatlıq hiss olunsa da, məktubun Senatdakı müzakirələrdən əvvəl göndərilməsi qurumun bu qanun layihəsini təsdiqləyəcəyi ehtimalını artırır.
Bu arada isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Fransa Senatında uydurma "erməni soyqırımı" haqqında qanun layihəsi qəbul olunarsa, bir daha bu ölkəyə getməyəcək. R. T. Ərdoğan ümid etdiyini bildirib ki, Senat Fransanı öz dəyərlərinə zidd bir ölkəyə çevirməyəcək: "Müzakirə olunan qanun layihəsi Fransada fikir və söz azadlığına qarşı yönəlib. Bu, may ayında keçiriləcək seçkiyə hesablanmış bir kampaniyadır. Parisdə on minlərlə qardaşımız, soydaşımız bir araya gəlib bu qanuna etiraz edirlərsə, deməli, gələcəkdə bunun fəsadları çox ağır olacaq".
AŞPA prezidenti Mövlud Çavuşoğlu da bu gün Strasburqda keçirdiyi mətbuat konfransında Fransa Senatında qondarma "erməni soyqrımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə tutan qanun layihəsi ilə bağlı keçirilən səsverməyə münasibət bildirib. O vurğulayuıb ki, Fransa Parlamenti tərəfindən qəbul edilən qanun layihəsi bu yaxınlarda Senatın Konstitusiya məsələləri Komitəsində müzakirə edilib və bu layihənin Konstitusiyaya zidd olduğuna dair qərar verilib:
"Təəssüf doğuran məsələ ondan ibarətdir ki, Avropanın mərkəzində ifadə azadlığı məhdudlaşdırılır. Bu isə hüquqi dövlət, insan haqları, demokratiya kimi təməl prinsiplərə tamamilə ziddir. Əgər Türkiyə, Azərbaycan, Ukrayna, Ermənistan və Rusiya soyqırımı inkara görə qanun layihələrini milli parlamentlərinə təqdim etsəydilər, onlara qarşı hansı təzyiqlərin olacağını təsəvvür etmək belə çətindir. Bu gün Fransada qeyri-konstitusion, qeyri-demokratik, fikir azadlığına zərbə vuran qanun layihəsi qəbul olunur, amma Fransaya bununla bağlı təzyiq edilmir. Təəssüf ki, istər Avropa Şurası, istərsə də Avropa Birliyi səviyyəsində bu vəziyyəti qəbul etmək mühiti hiss olunmaqdadır. Fransa böyük bir dövlətdir və heç kim ona qarşı bir söz demir. Belə məsələdə ikili standartların olması aydın şəkildə özünü büruzə verir", - deyə o əlavə edib.
Fransa Senatının üzvü Natali Qule isə Fransa Senatında müzakirəyə çıxarılacaq uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin böyük ehtimalla qəbul ediləcəyini bildirib. Natali Qule bu qanuna qarşı çıxan digər senator və deputatlarla birlikdə Konstitusiya Məhkəməsinə şikayət edəcəyini açıqlayıb: "Reqlamentə əsasən azı 60 millət vəkili və senatorun imzasını toplayıb qanun layihəsinin ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşırıq. 60 cəsur fransız siyasətçi tapacağımıza inanırıq. Parlamentlər tarixi məsələlərlə bağlı qərar verməməlidir. Bu problemi türklər və ermənilər özləri həll etməlidir".
Xatırladaq ki, Fransa uydurma "erməni soyqırımı"nı 2001-ci il yanvarın 29-da rəsmən tanıyıb. 2006-cı il oktyabrın 12-də uydurma "soyqırım"ın inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi qəbul olunub. Lakin 2011-ci il mayın 4-də Senat bu qanun layihəsini əsassız sayaraq onu təsdiq etməyib. Milli Assambleya təkrarən qanun layihəsini bir ay əvvəl – 2011-ci il dekabrın 22-də qəbul edib. Qanunun qüvvəyə minməsi üçün Senatın təsdiqi və prezidentin imzası lazımdır. Qanun layihəsinə bu gün rədd cavabı verilərsə, sənəd yenidən parlamentin aşağı palatasına göndəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB