Rəsmi Moskva Soçi görüşü qabağı açıqlama yaydı

Rəsmi Moskva Soçi görüşü qabağı açıqlama yaydı

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşü ərəfəsində Kremlin mətbuat xidməti açıqlama yayıb. SİA-nın xəbərinə görə, açıqlamada deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə prezidentlər arasında danışıqlar yanvarın 23-də Soçidə keçiriləcək: "2008-ci ildən Rusiyanın iştirakı ilə münaqişənin nizamlanmasına dair 10 görüş keçirilib. Sonuncu belə görüş 2011-ci il iyunun 24-də Kazanda baş tutub. Kazan görüşündə tərəflərin münaqişənin nizamlanması üzrə baza prinsiplərinin əks olunduğu layihədə mübahisəli məsələlər üzrə mövqeləri yaxınlaşdırması mümkün olub. Atəşkəs rejiminin pozulması halları, hərbçilər və dinc sakinlər arasında itkilər və hər iki tərəfdən səslənən hərbi ritorika bizdə ciddi narahatlıq doğurur. Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 2011-ci il martın 5-də Soçidə verdikləri birgə bəyanat da bu məqsədə xidmət edir. Həmin bəyanatda bütün mübahisəli məsələlərin sülh vasitələri ilə həlli və təmas xəttində baş verən insidentlərin ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında araşdırmaq cəhdləri əksini tapıb. Biz ümid edirik ki, qısa müddətdə insidentlərin araşdırılması mexanizmi üzərində iş sona çatacaq".

Rəsmi Moskva hesab edir ki, "Xalq diplomatiyası" ideyası artıq praktik cəhətdən həyata keçirilib və 2007-ci ilin iyununda və 2009-cu ilin iyulunda Azərbaycan və Ermənistanın Moskvadakı səfirlərinin təşəbbüsü ilə Azərbaycan və erməni ictimaiyyətinin nümayəndələrinin daxil olduğu heyət Dağlıq Qarabağ, rəsmi İrəvan və Bakıya səfər edib.

Kremlin mətbuat xidmətinin məlumatında həmçinin görüş zamanı gündəmdə olan digər məsələlərin müzakirə olunacağı da bildirilir. Rusiya-Azərbaycan danışıqlarının gündəmində Xəzər dənizi məsələlərinə, regional və beynəlxalq məsələlərdə koordinasiyaya böyük diqqət yetirilir. Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi bu sahədə qarşılıqlı əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Medvedev-Sarkisyan görüşündə isə Rusiya-Ermənistan strateji tərəfdaşlığının və ittifaqının ən vacib aspektləri diqqət mərkəzində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə