Xorvatiyada bu gün ölkənin Avropa Birliyinə üzv olmasına dair referendum keçirilir. Xorvatiya vətəndaşları ölkənin bundan sonrakı taleyini həll edirlər.
Ölkə rəhbərliyi Avropa Birliyi ilə bir neçə ildir ki, danışıqlar aparır. Ötən ilin dekabrında tərəflər Xorvatiyanın 2013-cü ilin iyulundan Avropa Birliyinə üzv olacağına dair razılaşma imzalayıb.
Xorvatiya rəhbərliyi hesab edir ki, Avropa Birliyinə üzvlük ölkənin yaşadığı iqtisadi çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. İndi isə Xorvatiyanın təşkilata üzv olmasını vətəndaşlar da dəstəkləməlidir. Ölkənin Avropa Birliyinə üzv olması üçün səslərin 50 faizi və 1 səs gərəkdir. İctimai rəy sorğuları göstərir ki, ölkə vətəndaşlarının 60 faizi Avropaya inteqrasiyanı dəstəkləyir. Əhalinin üçdə biri isə bunun əleyhinədir.
Bu ilin əvvəlindən Xorvatiyanın paytaxtı Zaqrebdə Avropa Birliyinə üzvlüyün əleyhinə etiraz aksiyaları keçirilir. Referendum səsverməsi üçün məntəqələrin açılması ərəfəsində də 1000-dən çox adam etiraz aksiyası keçirib. Aksiya iştirakçılarının əksəriyyətini müharibə veteranları və sağçı gənclər təşkil edib. Nümayiş polislə toqquşma ilə nəticələnib. Nümayişçilər Avropa Birliyinin bayrağını dirəkdən aşağı endirməyə çalışıblar. İğtişaşlar zamanı bir neçə adam xəsarət alıb, azı 3 nəfər saxlanıb. Aksiya təşkilatçıları vətəndaşları referendumda Avropa Birliyinə üzv olmağın əleyhinə səs verməyə və ölkədəki bütün Avropa Birliyi bayraqlarını yığışdırmağa çağırıblar.
Qeyd edək ki, Xorvatiyanın Avropa Birliyinə üzv olması üçün referendumla yanaşı, blokun 27 üzvünün hamısı Xorvatiyanın lehinə səs verməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB