Ölkə başçısı Gəncədəki Cavad xan küçəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub

Ölkə başçısı Gəncədəki Cavad xan küçəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Gəncəyə səfəri çərçivəsində Cavad xan küçəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. Dövlətimizin başçısı küçənin əvvəlki görüntülərini əks etdirən stendlərə baxıb. Məlumat verilib ki, uzunluğu 435 metr olan küçədə yerləşən binaların və digər tikililərin fasadlarında tarixi və müasir memarlıq elementləri vəhdət təşkil edir. Küçədə bərpa edilən binalar əsasən XIX əsrin ikinci yarısında tikilmiş tarixi binalardır. Nizami Gəncəvinin mənsub olduğu Şıxzamanovlar nəslinin yaşadığı ev də bu küçədə yerləşir. Bundan başqa, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə "Azərbaycan" qəzetinin ilk nömrəsinin dərc olunduğu tarixi mətbəənin binası əvvəlki görkəminə qaytarılıb. AXC-nin qurucularından olan Xasməmmədov qardaşlarının yaşadığı ev də Cavad xan küçəsinin tarixi tikililərindəndir.

Qeyd edilib ki, küçədəki bütün tarixi binaların üzərinə lövhələr vurulub. Aparılan abadlıq-quruculuq işlərindən sonra sanki muzeyə çevrilmiş Cavad xan küçəsində kərpic imitasiyasına xüsusi yer verilib, dəmir haşiyələr və məhəccərlər Gəncə memarlığına uyğun hazırlanıb. Binaların dam örtükləri də yenidən qurulub, qapılar və darvazalar milli şəbəkə formasında hazırlanıb. Küçəyə kanalizasiya xətləri çəkilib, qaz və su boruları yerin altına salınıb. Küçə boyu 9 min kvadratmetr sahədə qranit plitələr döşənmiş, müxtəlif yerlərdə 7 fəvvarə quraşdırılıb. Gələcəkdə burada xalça, misdöymə, dulusçuluq və digər tətbiqi sənət nümunələri ilə məşğul olan sənətkarlar üçün xüsusi emalatxanaların tikilməsi də nəzərdə tutulur. Küçə boyu milli adət-ənənələri təsvir edən heykəllər qoyulub.

Dövlətimizin başçısı burada şəhər sakinləri ilə görüşdü, onlarla söhbət edib.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə