Aydın Mirzəzadə: “Prezident ötən ilə yekun vurmaqla yanaşı Azərbaycanın qarşısında duran məsələlərə dair özünün prinsipal mövqeyini göstərdi”

Aydın Mirzəzadə: “Prezident ötən ilə yekun vurmaqla yanaşı Azərbaycanın qarşısında duran məsələlərə dair özünün prinsipal mövqeyini göstərdi”

"Prezident İlham Əliyevin bir neçə gün bundan öncə Azərbaycan Nazirlər Kabinetində keçirdiyi iclasındakı proqram xarakterli çıxışı bu gün çox diqqətlə öyrənilir. Cənab prezident ötən ilə yekun vurmaqla, eyni zamanda, Azərbaycanın qarşısında duran məsələlərə dair də özünün prinsipal mövqeyini göstərdi". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, Azərbaycanın bugünki inkişafı onun hərtərəfli möhkəmlənməsi və Dağlıq Qarabağ probleminin həll olunması üçün çox ciddi bir əsasdır. Millət vəkilinin sözlərinə görə, ciddi iqtisadi inkişaf, diplomatik sahədəki uğurlar, Azərbaycanın dövlət kimi dünya səviyyəsində böyük nüfuza malik olması Dağlıq Qarabağ probleminin həllinə mütləq kömək edəcək: "Təəssüf ki, bu problemin həllində hər şey Azərbaycandan asılı deyil və əsrlərlə yaranmış problemin həllini qısa bir müddətdə həll etmək mümkün deyil. Lakin bununla belə Azərbaycan problemin həllində qərarlıdır və israrlıdır. Belə hesab edirəm ki, Azərbaycanın prinsipal mövqeyi Ermənistanın və ona dəstək olan xarici dairələrin Azərbaycanı parçalamaq istəklərinə maneə olur. Ermənistan bu gün həmin o problemlərlə ən ciddi ziyan çəkən ölkələrdən biridir. Çünki onun iqtisadi inkişafı yoxdur, o dünyada hər hansı bir diplomatik roldan danışa bilməz".

A.Mirzəzadə qeyd edib ki, Ermənistanın Azərbaycanın təşəbbüskarı olduğu layihələrdə iştirakı isə qeyri-mümkündür. Dağlıq Qarabağ probleminin mütləq həll ediləcəyini deyən millət vəkilinin fikrincə, bunu ölkənin artan qüdrəti, prezidentin prinsipal mövqeyi bir mənalı şəkildə ortaya qoyur.

"Bu istiqamətdə Azərbaycan hər iki faktora-həm diplomatik, həm də ordu faktoruna güclü fikir verir. Güclü iqtisadiyyat ordu saxlamağa, onun hərbi texnika ilə təmin edilməsinə və professional hazırlığa imkan verir. Bu gün Ermənistan hərtərəfli Azərbaycan tərəfdən təzyiqlərə məruz qalır. Bu təzyiqdən biri də Azərbaycanın güclü ordusudur. Danışıqlara üstünlük verilməsi heç də Azərbaycanın məsələni hərbi yolla həll etməkdən uzaqlaşmaq məsələsi deyil. Sadəcə olaraq, Ermənistana bir şans verilir ki, bundan yararlansın, qüdrətini itirmək təhlükəsi altında qalmasın", - deyə o əlavə edib.

A.Mirzəzadə qeyd edib ki, bu baxımdan Azərbaycanın prinsipal mövqeyi yanvarın 23-də Soçidə Rusiya prezidentinin iştirakı ilə olan görüşdə bir daha ortaya qoyulacaq. Onun sözlərinə görə, Azərbaycan problemin həllinin hansı tərəfdən gəlməsinə əhəmiyyət vermir və həmçinin problemin qısa bir zaman kəsiyində həllinə çalışır. Millət vəkili bildirib ki, onun nə vaxt həll olunacağı isə bir sıra faktorlardan asılıdır və bunların hər halda Azərbaycanın xeyrinə işlədiyi tamamilə aydındır.

Bütün xəbərlər Facebook səhifəmizdə