Politoloq: “Azərbaycan ABŞ-ın İranı vurmasında maraqlı deyil”

Politoloq: “Azərbaycan ABŞ-ın İranı vurmasında maraqlı deyil”

"Zaman-zaman İranın atdığı addımların arxasında məkr durur. İran tarixinə nəzər salsaq, biz onların tarixində mühüm yerlər tutmuşuq və çox töhvələr vermişik. Lakin İranın istər Ayətullahlar səviyyəsində, istər dini müştəbehləri səviyyəsində Azərbaycan haqqında yalan məlumatlar danışırlar\". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, Azərbaycan ABŞ-ın İranı vurmasında maraqlı deyil: "Əvvəla İran bir şeyi dərk etməlidir ki, rəsmi Bakı iki qanun qəbul edib. Birinci qanun - Azərbaycan öz ərazisindən ona qonşu olan dövlətlərin vurulmasına icazə verməyəcək. İkinci qanun ondan ibarətdir ki, Azərbaycan ərazisində heç bir dövlətin hərbi bazaları yerləşdirilməyəcək. Hal -hazırda isə İranın ABŞ-la problemi Hörmüz boğazına görədir və beynəlxalq qanuna görə, İran bunu bağlaya bilməz. Həmçinin Hörmüz boğazını bağlamağa İranı Azərbaycan sövq etməyib. Məhz bu zəmində Azərbaycanı nədəsə ittiham etmək düz deyil".

Politoloq hesab edir ki, müharibə yalnız rəsmi Tehranın Hörmüzə möhr vurduğu zaman baş verə bilər. Çünki Suriyadan sonra növbə İranındır: "İranın müharibəyə cəlb edilməsi Azərbaycana Qarabağı qaytaracağı ilə bağlı yayılan xəbərlər inandırıcı deyil. İkincisi isə Azərbaycan çox ciddi problemlərlə üzləşəcək. Çünki, hazırda Azərbaycan ərazisinin yük tutumu təxminən 16 milyondur. Yəni biz İrandan uzağı 5-6 milyon insan qəbul edə bilərik. Eyni zamanda Azərbaycanın iqtisadi və ərzaq təhlükəsizliyi 10-12 milyona hesablanıb. Bu zəmində Azərbaycan qısa müddət ərzində bu qədər insanı ərzaqla təmin etməkdə çətinlik çəkəcək və bundan başqa Azərbaycanın daxilində qiymətlər sürətlə artacaq. Eyni zamanda Bakıda kriminal vəziyyət ağırlaşacaq. Burada Azərbaycanın çıxarını axtarmaq siyasi baxımdan kor olmaq deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə