Baş prokuror Rusiya Prokurorluğunun yubiley tədbirlərində iştirak edib
Azərbaycanın baş prokuroru bir neçə ölkənin baş prokurorları ilə görüşüb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, baş prokuror Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının baş prokuroru Yuri Çaykanın dəvəti ilə yanvarın 11-13-də Rusiya Prokurorluğunun yaranmasının 290 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib.
Zakir Qaralov səfər çərçivəsində rusiyalı həmkarı Yuriy Çayka ilə görüşüb və Rusiya Prokurorluğunun yaranmasının ildönümü münasibəti ilə onu təbrik edib.
Z.Qaralov daha sonra Beynəlxalq Prokurorlar Assosiasiyasının baş katibi Derk Kupers, Avstriyanın baş prokuroru Fabrisiy Ernst Yoqen, Almaniya Federativ Respublikası Federativ Ali Məhkəməsinin Federativ baş prokuroru Harald Ranqe, Ukraynanın baş prokuroru Viktor Pşonka və Belarusun baş prokuroru Aleksandr Konyukla da görüşüb.
Görüş zamanı ölkələrimizin prokurorluq orqanları arasındakı əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb, cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq və hüquqi yardım məsələləri müzakirə edilib.
Azərbaycanın baş prokurorunun rusiyalı həmkarı ilə görüş zamanı həmçinin konkret cinayət işlərinin istintaqı ilə bağlı fikir mübadiləsi aparılıb, eyni zamanda Baş Prokurorluq ilə Rusiyanın İstintaq Komitəsi arasında 2010-cu il sentyabrın 28-də imzalanmış Əməkdaşlıq Proqramının hər iki ölkənin hüquq mühafizə orqanları üçün mühüm əhəmiyyət kəsb etdiyi, qarşılıqlı səmərəli münasibətlərin və hüquqi əməkdaşlığın inkişafına töhfə verdiyi xüsusi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB