Xələf Xələfov: “Ermənistanın beynəlxalq hüquqa hörmətsizlik göstərməkdə davam edir” - MÜNASİBƏT

Xələf Xələfov: “Ermənistanın beynəlxalq hüquqa hörmətsizlik göstərməkdə davam edir” - MÜNASİBƏT

Finlandiyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri İlkka Kanervanın başçılıq etdiyi Finlandiya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb. Azərbaycanla Finlandiya arasındakı münasibətlərin hələ SSRİ dövründə inkişaf etdiyini və xüsusilə də Azərbaycanın müstəqillik illəri dövründə iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayan Xələf Xələfov iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərin rolunun, xüsusilə də parlament diplomatiyasının əhəmiyyətini qeyd edib.

Nazir müavini finlandiyalı parlamentarilərin Azərbaycana səfərinin ikitərəfli münasibətlərə tövhə verəcəyinə əmin olduğunu qeyd edib.

Finlandiyalı deputat Azərbaycana səfərlərinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib və səfərin proqramının zəngin olduğunu vurğulayıb. Azərbaycanın mühüm geostrateji məkanda yerləşdiyi, böyük iqtisadi imkanlara malik olduğu və beynəlxalq arenada özünəməxsus yer tutduğunu vurğulayan finlandiyalı qonaq Azərbaycanın onun ölkəsi üçün həm ikitərəfli baxımdan, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq baxımından maraq kəsb edən ölkə olduğunu önə çəkib. Qonaqlar bunun bariz nümunəsi kimi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri daimi üzv seçilməsini qeyd edib.

Azərbaycanın hərtərəfli və uğurlu inkişafından danışan Xələf Xələfov Azərbaycanın regionun aparıcı ölkəsinə çevrildiyini və təşəbbüskarı olduğu regional və beynəlxalq layihələrin Azərbaycanı beynəlxalq arenada fəal amilə çevirdiyini bildirib. Nazir müavini həmçinin Azərbaycanın Mərkəzi Asiya və Qərb arasında körpü rolunu oynadığını və enerji layihələrinin həyata keçirilməsi baxımından Mərkəzi Asiyanın enerji mənbələrinin Avropaya nəql edilməsində tranzit imkanlarına malik olduğunu qeyd edib. Ermənistanın təcavüzünün davam etməsinə baxmayaraq, Azərbaycan yüksələn xətlə inkişaf etməyə davam edib, regionda enerji və kommunikasiya layihələrinin uğurla həyata keçirilməsinə tövhə verib.

Xələf Xələfov Cənubi Qafqaz və Xəzər regionunun bir çox aspektlər baxımından dünya ictimaiyyətinin diqqət mərkəzində olduğunu vurğulayıb. Azərbaycanın regionun inkişafına yönələn səylərini məharətlə həyata keçirdiyini qeyd edərək, region ölkələri ilə yaxın əməkdaşlığa nail olduğunu bildirib. Bununla yanaşı, nazir müavini finlandiyalı deputatlara Azərbaycanın beynəlxalq təşkilatlarla, xüsusilə Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı və həmçinin ölkənin beynəlxalq təşəbbüsləri barədə məlumat verib. O, bunların Azərbaycanın Təhlükəsizlik Şurasına seçilməsinə əsas yaratdığını vurğulayıb.

Qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən X.Xələfov ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərinin lazımi nəticə vermədiyini və Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirməsi ilə yanaşı, Azərbaycanın qaçqın və məcburi köçkünlərinin öz doğma yerlərinə hələ də qayıda bilmədiklərini deyib. Münaqişənin həll olunmamış qalmasının bütün regionun stabilliyinə və inkişafına mane olduğunu bildirən X.Xələfov, Ermənistanın beynəlxalq hüquqa hörmətsizlik göstərməkdə davam etdiyini, danışıqlarda qeyri-konstruktiv mövqe tutduğunu bildirib və ATƏT-in Minsk qrupunun buna göz yummasının yolverilməz olduğunu qeyd edib. Xarici İşlər Nazirinin müavini müasir dövrdə sərhədlərin zorla dəyişdirilməsinin və dövlətlərin ərazilərinin işğal edilməsinin qəbul edilməz olduğunu bir daha vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə