Fazil Mustafa: \"İranın ABŞ-la maraqları uzlaşanda müsəlmançılıq da, başqa bütün meyarlar da yaddan çıxır\" - MÜSAHİBƏ
İranın Ermənistanla genişlənən əlaqələri hamıya məlumdur. Özünü islam ölkəsi adlandıran İranın bu cür davranışları və Ermənistana havadarlıq edən böyük dövlətlərin əsas məqsədi nədir? Bununla yanaşı son günlərdə qardaş Türkiyədə baş qərargah rəisi İlker Başbuğun həbs edilməsi gündəmə damğasını vurub. Bu məsələdə iqtidarı günahlandıranlar da var, Başbuğu xəyanətkar adlandıranlar da! Bəs bu hadisənin kökündə dayanan hansı səbəblərdir? Bütün suallarımızı millət vəkili, Böyük Quruluş partiyasının sədri Fazil Mustafa cavablandırıb. SİA həmin müsahibəni təqdim edir:
- İran-Ermənistan qardaşlığı rəsmi Tehranın yürütdüyü Xameyni ideologiyasına zərbə deyilmi?
- Əslində, İran bir müsəlman dövləti kimi mövcud deyil. Sadəcə, İranda İslama uyğun bir rejim qurulub. Bu rejimin də əsas məqsədi İslam dünyasını parçalamaq və onun maraqlarını istənilən səviyyədə monipuliyasiya etməkdir. Xarici siyasətdə İranın Ermənistana dəstək verməsi artıq bilinən faktdır. Lakin burada Ermənistan və İranın iradəsi əsas rol oynamır. Bu dəstəyin kökündə ilk növbədə ABŞ və Rusiyanın razılığı dayanır. ABŞ-ın İran üzərindəki təsirinə nəzər salsaq deyə bilərik ki, Ermənistan yeganə dövlətdir ki, ABŞ onun İranla münasibətinə icazə verir. Yəni dünyanın digər ölkələri ilə İranın münasibətinə ABŞ ciddi şəkildə mane olur. Bu da o deməkdir ki, burada böyük dövlətlərin özlərinin maraqları var. Çünki onlar istəsələr İranla Ermənistan arasında olan bütün əlaqələri birmənalı şəkildə poza bilərlər. İran Ermənistana hər cür çıxış yolu yaradırsa, burada əsas günah həmin böyük dövlətlərin razılığıdır. Hətta onu da qeyd etməliyik ki, ABŞ-ın İrana müəyyən sanksiyalar tətbiq edilməsi məsələsində çox irəliyə getməməsinin əsas səbəbi də məhz erməni lobbisidir. Erməni lobbisi hər hansı bir şəkildə ABŞ-ın dövlət siyasətində İrana qarşı sərt addımların atılmasına maraqlı deyil. Ona görə də biz bütün məsələləri diqqətlə analiz etməliyik ki, hər zaman atəşin haradan açıldığını və hədəfin kim olduğunu bilək. Bütün bunlarla yanaşı, öz lobbiçilik fəaliyyətimizi də kəskin surətdə genişləndirməliyik.
- Qeyd etdiniz ki, İranın Ermənistanla münasibətinə ABŞ razılıq verib. Belə olan halda ABŞ-la İranı Ermənistanda birləşdirən maraq nədir?
- Bəli, maraqlı sualdır. ABŞ-la İranı birləşdirən maraq ondan ibarətdir ki, Ermənistan bu dövlətlər üçün təhdid zolağı kimi düşünülür. Ərəb ölkələri üçün İsrail modelində bunu həyata keçirmişdilər. Lakin hər ölkədə bu modeli yəhudi təsiri ilə reallaşdırmaq mümkün deyil. Ona görə də, burada daha çox xristian dövləti amili önə çıxır. Yəni çox kiçik, heç bir gücünün olmamasına rəğmən Ermənistanda həm Rusiyanın bazası yerləşdirilir, həm də Amerikadan diaspor vasitəsilə pul axınına şərait yaradırlar. Bu da o deməkdir ki, İranla ABŞ-ın Ermənistanda heç bir ziddiyyəti yoxdur. Yəni hər iki dövlət Ermənistan məsələsində əməkdaşlıq etməyə maraqlıdırlar. İranın qarşısında heç bir sərhəd olmadığından Ermənistanla iqtisadi-ticari və ümumiyyətlə, istənilən əlaqəni qura bilir. Bildiyiniz kimi, Xocalıda İranın göndərdiyi yanacaq və yemək məhsulları sayəsində insanlar öz yaşantılarını qururlar. Yəni İran bundan çox müsəlman dünyasına düşmənçilik edə bilməzdi. Ona görə də, İranın ABŞ-la düşmən, qarşıdurmalar içində olması kimi tezislər tamamilə yanlışdır. İranın ABŞ-la maraqları uzlaşanda müsəlmançılıq da, başqa bütün meyarlar da yaddan çıxır. Əslində Ermənistanda onların birgə fəaliyyətləri də bunun əyani sübutudur.
- Bu il Rusiya, ABŞ və Fransada prezident seçkiləri keçiriləcək. Əgər Azərbaycan ciddi addım atmasa bu il münaqişənin həllində hansısa irəliləyiş ola bilərmi?
- Ümumiyyətlə, indiki mərhələdə və bundan sonra da Rusiyadakı məsələlər müəyyən dərəcədə çözülməsə, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyiş əldə oluna bilməz. Rusiyada bu məsələlərin çözülməsi isə kifayət qədər vaxt aparacaq. Ona görə də, bu müddət ərzində bizi nikbinləşdirəcək heç bir səbəb yoxdur. Çünki, faktiki olaraq ermənilərin işğalçı siyasətinin davam etməsində Rusiya əsas rol oynayır. Düzdür, ABŞ Ermənistana siyasi və maddi dəstək verir, amma əsas rıçaq Rusiyanın əlindədir. Rusiya isə bölgədəki maraqlarını həyata keçirmək üçün Ermənistandan istifadə edir. Yəni bütün bunlara nəzərə alaraq demək istərdim ki, məsələnin həllində prezidentlərin dəyişməsi yox, ölkələrin geostrateji güclərinin dəyişməsi vacibdir. Yəni Rusiyada belə bir dəyişiklik olmadıqca, demokratik Rusiya formalaşmadıqca münaqişənin həlli mümkünsüzdür. Rusiya bölgələrə yayılma siyasətindən əl çəkməsə, Qarabağ məsələsində də heç bir yenilik olmayacaq. Lakin onu da qeyd etmək lazımdır ki, artıq Rusiyada müəyyən dəyişiklərin yaxınlaşdığına aid simptomlar var ki, daxili siyasətdə baş verənlər də bunun bariz nümunəsidir.
- Fazil müəllim, qardaş Türkiyəni son günlərdə çalxalayan bir hadisəyə toxunmaq istərdim. Baş qərargah rəisi İlker Başbuğun "iqtidarı devirmək"lə ittiham edilərək həbs olunması məsələsi gündəmə damğasını vurub. Sizcə, Başbuğ həqiqətən də belə bir məqsədə qulluq edib, yoxsa bu onun aradan götürülməsinə bir bəhanə oldu?
- Bilirsiniz, Türkiyədə heç bir əsas olmadan hər hansı bir şəxs məhkəmə qarşısına çıxarılaraq yarğılanıb həbs oluna bilməz. Xüsusilə də, tanınmış şəxslər. Ortada Başbuğun mövcud hökuməti internet vasitəsilə qaralama kompaniyası keçirməsinə aid ciddi ittihamlar var. Əslində, Türkiyə Başbuğun həbs olunması ilə ölkəsinin hüquq dövləti olduğunu və mövqeyindən asılı olmayaraq istənilən adamın məhkəmə qarşısına çıxarılıb həbs oluna biləcəyini göstərir. Əvvəllər belə bir addım atmaq çox mühüm hadisə hesab olunurdu. Çünki Türkiyədə hərbiçilərin toxunulmazlığı anlayışı vardı. Lakin bu sindromu qırmaq üçün əsaslı fakt olmasa bu cür addım atılmazdı. Deməli, kifayət qədər sübüt və fakt var və Türkiyə gələcəyə doğru olan siyasi düşüncənin dəyişməsi üçün kəskin olaraq hamıya bəyan edir ki, istənilən şəxs qanun qarşısında yarğılanıb həbs oluna bilər.
- Qərb mətbuatının qəribə yanaşması var. Onlar iddia edirlər ki, Türkiyədə iqtidar partiyası ordudan qisas alır. Bu nə dərəcədə realdır?
- Bilirsiniz, iqtidar və ya dövləti idarə edən başqa partiyalar qisas almaq barədə çox düşünməzlər. Burada əsas məsələ ənənənin məhv olunmasıdır. Çünki ordu mövqeyində olan şəxslər düşünürlər ki, silahlı güc onların əllərində olduğundan onlar hər an iqtidara istənilən diqtəni edə bilərlər. Türkiyə tarixində belə hadisələr az olmayıb. Bəlkə də baş qərargah rəisinin günahı sübuta yetirilməyəcək və o azad olunacaq. Lakin bu fakt göstərdi ki, Türkiyədə kim hansı mövqedə olsa belə ana yasa və qanunlardan üstün deyil. Səlahiyyətlər çərçivəsini aşan hər kəsi bu aqibət gözləyir.
- Bəs, Türkiyənin yaratmaq istədiyi düşüncə tərzi üçün ordunun üzərinə çox getməyin mənfi təsirləri ola bilər?
-Əslində düşünmürəm ki, orduya edilən bu təzyiqlər hansısa mənfi nəticələrə səbəb olsun. Çünki bu vaxta qədər Türkiyədə ordu qapalı, dövlət büdcəsinin müəyyən hissəsini əlində saxlayan və yoxlamadan uzaq qurum idi. Məhz elə bu səbəb də ordu daxilində qeyri-qanuni fəaliyyətlərə və özbaşınalığa stimul verirdi. Ölkədə ordunun siyasi iqtidara tabe olmasını təmin etmək üçün bu addımın atılması birmənalı şəkildə vacibdir. Artıq Türkiyədə əmri verən yanlız xalqın seçdiyi iqtidar, daha sonra isə icra qurumlarıdır. Lakin icra qurumları siyasətə çox qarışdıqda, siyasətin demokratik təbiəti pozulur. Bir sözlə bu məsələdə qisas meyarının axtarılması mənasızdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB