Beynəlxalq Avtovağzalda sərnişinlər niyə saatlarla gözləməli oldu?-Araşdırma

Beynəlxalq Avtovağzalda sərnişinlər niyə saatlarla gözləməli oldu?-Araşdırma
Hər bayram ərəfəsində olduğu kimi bu il də bayramqabağı Bakıdan rayonlara istiqamətlənən avtobus və qatar reyslərində, ölkədaxili sərnişindaşıma sahəsində pərakəndəlik yaşanır. Paytaxtın Beynəlxalq avtovağzalında bayram ərəfəsində sərnişin əlindən iynə atsan, yerə düşməz. Avtovağzalın platformalarının bəzi yerlərində adam əlindən tərpənmək olmurdusa, digər yerlərdə marşrut avtobusları gözə dəymirdi. Hər kəsin üzündə bir narazılıq var idi. Əvvəlcə cənub istiqamətində hərəkət edəcək platformaya yaxınlaşdıq. Sakinlərin yanına çatar-çatmaz hamı yerbəyerdən yalnız bir sözü dedi "avtobus yoxdu, qiymətlərdə "ceyran belində". Nazim adlı sərnişin də elə narazı olanlardan biri idi. Deyir, saatlarla burda avtobus gözləməkdən səbr kasamız da daşıb. "Artıq bir saatdır burdayıq, amma hələ bir dənə də olsa boş yer tapa bilməmişik. Axı deyirdilər ki, boş yerlər var. Hanı bəs,olanda da deyillər ki, qiymət qalxıb".

Bu dəfə də üz tuturuq ölkənin qərb rayonlarına gedən avtobusların dayandığı platformaya. Burada da ürəkaçan bir mənzərə görmədik. Onlarla sərnişin narazılıq etsə də onların narazılığına məhəl qoyan bir Allah bəndəsi tapılmırdı. Bu yerdə xüsusilə qeyd etməliyəm ki, avtovağzal rəsmilərindən ərazidə bir nəfərdə olsun gözə dəymirdi. Baxmayaraq ki, bayram günü olduğundan avtovağzalın gücləndirilmiş iş rejiminə keçirildiyi deyilirdi. Sakinlərlə apardığımız söhbət zamanı isə o da məlum oldu ki, qiymətlərin artırılması və avtobusların qıtlığı üzündən sərnişinlər arasında rayona getməkdən imtina edənlər də var. Gəncəyə adi günlərdə 6 manata satılan bilet indi 10 manatdır. Əgər o da tapılsa. Sərnişinlər bileti yalnız sürücülərdən ala bilir. Əjdər Hacıyevdə bilet ala bilməyənlər sırasındadır: \"Dünən Bakıya gələndə 6 manata gəlmişdim, amma bu gün hec biz 10 manata da aparan yoxdur. Razıyam ki, 3 manat artıq pul ödəyim amma bu soyuqda saatlarla burda gözləməyim\".

Sürücülər isə nədənsə sərnişinlərin söylədiklərinin həqiqətə uyğun olmadığını israrla bizə bildirməyə çalışırdılar. Kimi deyir, qiymətləri biz tənzimləmirik, kimisi də deyir, bu tip sualları cavablandırmağa bizim icazəmiz yoxdur: "Biz siz cavab verə bilmərik. Çünki buna səlahiyyətimiz çatmır. Zəhmət olmasa, gedin, müdriyyətdən soruşun".

Biz də etmədik tənbəllik, üz tutduq beynəlxalq avtovağzalın rəsmilərinin yanına. Dedik, bəlkə suallarımıza cavab verib məsələyə aydınlıq gətirən bir məsul şəxs tapıla. Amma deyəsən, zənnimiz bu dəfə bizi aldatdı. Avtovağzalın rəsmilərindən yalnız bir söz eşitdik: \"Avtovağzalda hər şey öz qaydasındadır. Nə qiymət artımı var, nə də ki, sərnişinlərin dediyi həqiqətdir. Burda hər şey ay gün kimi təmizdir\".

Hər halda bir saatlıq avtovağzal gəzintimiz sona çatdı. Həqiqət isə göz qabağındadır. Elə əli boxçalı bu sərnişinlərin gözləri yolda qaldığı kimi.

Bütün xəbərlər Facebook səhifəmizdə