Səhiyyə Nazirliyi: “Sertifikasiya imtahanları düzgün aparılır, cavabların satılması qeyri-mümkündür”
Ölkəmizin səhiyyə sektoru bütün digər sahələr kimi, durmadan inkişaf edir. Yeni-yeni tibb mərkəzləri tikilir, ən müasir tibbi avadanlıqla təmin olunur, həkimlərimizin təkmilləşdirilməsi üçün müxtəlif layihələr həyata keçirilir.
Lakin əfzuslar olsun ki, Səhiyyə Nazirliyi bir çox dövlət qurumları kimi son dövrlərdə görülən çoxsaylı işlərin üzərinə kölgə salmaq niyyətində olan bəzi "qəzet" lərin hədəfinə çevrilib.
Ölkə səhiyyəsini inkişaf etdirmək, həkimlərimizin bilik və bacarıqlarının artırılması və təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən sertifikasiya prosesi 2011-ci ilin yanvar ayından etibarən lazımi qaydada həyata keçirilir. Bu günə kimi 3474 həkim 38 ixtisas üzrə sertifikasiya imtahanında iştirak edib. İmtahan verənlərin cüzi bir hissəsi (7%) tələb olunan balı toplaya bilməyiblər. Onlara hazırlaşmaq üçün 6 ay vaxt verildikdən sonra təkrari imtahana buraxılıblar ki, ondan da cəmi 9 nəfər uğursuz nəticə əldə edib. Həmin şəxslərlə əmək müqaviləsi pozulub. Bu günə kimi 3035 həkimimiz sertifikat alıb. Və imtahanlarda könülü olaraq iştirak etmək istəyən yüzlərlə həkim müraciət ediblər.
Sadə insanları isə bu işin ən çox maraqlandıran tərəfi həkimlərimizin öz üzərində çalışmaları, təkmilləşmələri və onlara lazımı tibbi yardım göstərmək üçün öz biliklərinin artırmalarıdır.
Lakin yuxarıda da qeyd olunduğu kimi, bu gün iki nəfər arasında olan şəxsi münaqişəni həll etmək üçün belə bir layihənin üzərinə kölgə salmaq niyyətindədirlər. Diqqətinizə çatdıraq ki, bu günə kimi imtahan verən yaxud da imtahandan kəsilən, habelə əmək müqaviləsi pozulan şəxslərin özləri belə sertifikasiya imtahanlarının cavablarının satılması, yaxud da imtahan ərəfəsində neqativ halların olmasına dair şikayətlənməyiblər. Bu günə kimi Nazirliyin qaynar xəttinə bir dəfə də olsun bununla əlaqədar müraciət daxil olmayıb. Sadəcə aralarında münaqişəni böhtan və əsassız şantajla həll etmək niyyətində olan bir həkimdən başqa. Əlində sertifikasiya suallarının cavabı olduğunu iddia edən həkim və onun əsassız iradını öz səhifələrində dərc edən bəzi qəzetlərin diqqətinə çatdırırıq ki, sertifikasiya imtahanın sualları və doğru cavab da daxil olmaqla 5 cavab variantı rəsmi internet saytımızda dərc edilib. Onun cavabını satmağa heç bir ehtiyac yoxdur. Suallar vaxtaşırı dəyişilir və mütəxəssislərimiz tərəfindən əvvəlcədən hazırlanmış 1000 sualdan seçilərək yenilənir.
Nəzərinizə çatdıraq ki, sertifikasiya mövzusu haqda qəzetdə dərc olunan yazı ilə bağlı qəzetin əməkdaşları Səhiyyə Nazirliyi ilə heç bir dəfə də olsun əlaqə saxlamamış və mövqe öyrənməmişlər. Hər kəsə bəllidir ki, bütün tərəflərin mövqeyinin jurnalist tərəfindən öyrənilməsi və məqalədə əks etdirilməsi qərəzsiz, tərəfsiz və vicdanlı mətbuatın ilkin tələbi və göstəricisidir. Bu yazının başlığında sarı mətbuatın daim müraciət etdiyi fəndlərdən istifadə olunub, qəsdən səs-küylü, yanlış fikir formalaşdıran, mənasız diqqət çəkən ibarələrdən istifadə olunub.
Biz də Səhiyyə Nazirliyinin Mətbuat Xidməti olaraq hesab edirik ki, belə yanlış ifadələr, bir başa olaraq nazirliyin məsul şəxslərinin adını hallandıraraq və bu zaman heç bir fikir öyrənmədən bunu dərc etdirmək yolverilməzdir.
Bütün xəbərlər Facebook səhifəmizdə