Ağabəy Əsgərov: \"Biz o vaxt əlində silah olan insanlarla ideya ilə vuruşurduq, silahla yox!\" - MÜSAHİBƏ
Müstəqil Azərbaycanın ilk qəzetlərindən biri olan \"Səs\" qəzeti ölkə mətbuatında özünün xüsusi yeri ilə seçilir. Qəzet dövlət və xalq arasında münasibətlərin daha da yaxınlaşması, cəmiyyətin maarifləndirilməsi üçün mütamadi olaraq media layihələr həyata keçirir. Əlamətdar tarixi günlərdə qəzetin xüsusi buraxılışları, multimedia diskləri və digər əlavələri buraxılır. Qəzet 20 illik yubileyinin ardınca işıq üzü görməsinin 4000-ci sayını da böyük uğurlarla qeyd edir. Təbi ki, qəzetin bu gün böyük uğurlara imza atmasının kökündə təməlinin möhkəm əsaslara malik bünövrənin qoyulması xüsusi rol oynayır. Yəni \"Səs\" qəzetinin yaranmasında və yaşamasında böyük zəhməti olan fədakar insanların səyi ilə qəzet tanınan və seçilən qəzet olub. Həmin fədakar insanlardan biri də 1992-ci ilin iyulundan \"Səs\" qəzetinin baş redaktoru olmuş Ağabəy Əsgərovdur. YAP Siyasi Şurasının üzvü, \"Azərbaycan\" nəşriyyatının baş direktoru Ağabəy Əsgərov bildirib ki, \"Səs\" qəzeti Azərbaycanda xaos və anarxiyanın hökm sürdüyü, vətəndaş müharibəsinin qaçılmaz olduğu bir vaxtlarda yaranıb:
- 1990-cı ilin payız aylarında Azərbaycanda \"Əlincə\" Xeyriyyə Cəmiyyəti yaradıldı. \"Əlincə\" Cəmiyyətinin yaradılmasında əsas məqsəd ondan ibarət idi ki, Naxçıvana və sərhədyanı rayonlara yardım olunsun. Həmin dövrdə Azərbaycanda vəziyyət çox ağır idi. Erməni azğınları öz hərəkətlərini davam etdirirdilər və Moskvapərəst qüvvələrin, xüsusən, Mixail Qorbaçovun dəstəyi ilə Azərbaycana çox zəif şəxslər rəhbərlik edirdilər. Bu ağır vəziyyətdə Azərbaycanda \"Əlincə\" Xeyriyyə Cəmiyyəti və onun orqanı olan \"Səs\" qəzeti yaradılmışdı. \"Səs\" qəzeti, demək olar ki, Azərbaycan xalqının ruporlarından birinə çevrilmişdi. Onu da qeyd edim ki, o zaman hakimiyyətdə olan Ayaz Mütəllibovun göstərişi ilə \"Səs\" qəzeti ikinci, ya da üçüncü nömrədən sonra dayandırılmışdı. Çünki qəzetdə hakimiyyətə və Ayaz Mütəllibova qarşı kəskin yazılar gedirdi. \"Səs\" qəzeti yarandığı gündən Ulu Öndər Heydər Əliyevin fəaliyyətini, ideyalarını işıqlandırmışdır. Naxçıvan o vaxt bütün cəhətdən, nəinki ermənilər, Azərbaycan rəhbərliyi tərəfindən də blokadaya alınmışdı. Bunu da ona görə edirdilər ki, Ulu Öndər Heydər Əliyev orada fəaliyyət göstərirdi. O vaxtkı hakimiyyət Ulu Öndər Heydər Əliyevdən çox çəkinirdi və qorxurdu. Ulu Öndər Heydər Əliyev Naxçıvanda təcrid olunmuş vəziyyətdə idi. Onun fəaliyyətini işıqlandırmaq lazım idi. Bu məsuliyyəti də \"Səs\" qəzeti öz üzərinə götürmüşdü.
- Nə səbəbə qəzetdə \"Böyük Heydər Əliyev\" yazısının dərc olunması hakimiyyətdə olanları ciddi narahat etmişdi?
- 1992-ci ilin yay aylarından Yeni Azərbaycan Partiyasının yaranması fəaliyyətinə başladıq. Məhz \"Səs\" qəzetində \"91-lər\"in müraciəti dərc olunmuşdu. Onların müraciətinə cavab olaraq \"Böyük Heydər Əliyev\" yazısı dərc olunmuşdu. Bu yazı hakimiyyətdə olanları təşvişə salmışdı. Onlar hər cür təxribatlardan istifadə edərək qəzetin fəaliyyətinə əngəl yaratmağa çalışırdılar. Amma bizi öz yolumuzdan döndərə bilmədilər. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyası yarandığı gündən, faktiki olaraq, \"Səs\" qəzeti YAP-ın əsas ruporuna çevrilmişdi. Həm partiyanın ümumi fəaliyyəti, həm də rəhbərliyin fəaliyyəti işıqlandırılırdı və Azərbaycan cəmiyyətinə çatdırılırdı. Mən də fəxr edirəm ki, \"Səs\" qəzetinin 13 ilini mən qəzetə rəhbərlik etmişəm. Bu, mənim üçün böyük şərəfdir, həyatımda ən şanslı illərdir. \"Səs\" qəzetinin manşetində Ulu Öndərin şəkli əks olunubdur və Onun sözləri qeyd olunubdur ki, \"Səs\" qəzeti mənim üçün ən əziz qəzetdir. Bu, Ulu Öndərimizin verdiyi qiymətdir.
- Sizdə inam hardan idi ki, ictimai fikir dəyişəcək, haqqında təbliğat apardığınız Ulu Öndər hakimiyyətə gələcək?
- Hesab edirəm ki, insanda əqidə olmalıdır. Mən nə üçün \"Səs\"ə gəldim? Bilirsiniz ki, 1992-ci ili aprel-may aylarında yaş senzi ilə bağlı mitinqlər keçirirdik. Faktiki olaraq, mütəşəkkil \"Əliyevçilik\" hərəkatı o mitinqlərdən başladı. Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının sevimlisi olubdur. Biz o vaxt əlində silah olan innsanlarla ideya ilə vuruşurduq, silahla yox! Mən \"Elm\" qəzetində çalışırdım. YAP-ın yaradılması məsələsi ortaya gələndə, təbii ki, mən də kənarda qala bilməzdim. Mən \"Səs\" qəzetinə baş redaktor vəzifəsinə gəlməli və Ulu Öndər Heydər Əliyevin ideyaları, dəsti-xəttini müdafiə etməli idim. \"Səs\"in Ulu Öndər Heydər Əliyevin tribunasına çevrilməsi üçün əlimdən nə gəlirdisə, etməli idim. O vaxtdan bu günə qədər \"Səs\" qəzetinin bir ana xətti olubdur. Bunu hər kəs bilir. Ulu Öndər Heydər Əliyev çox böyük dövlət xadimi və mütəfəkkir idi. Onun ideyaları çox böyük və əvəzsizdir. Mənim bir mövqeyim olub, o da Ulu Öndər Heydər Əliyevin mövqeyi.
- Siz əvvəl müxalifət, sonra isə iqtidaryönlü qəzetə rəhbərlik edirdiniz. Bu keçidi necə etdiniz, sizin üçün çətin olmadı ki?
- YAP həmin vaxt müxalifətdə olan partiya, \"Səs\" isə müxalifətdə olan mətbu orqan idi. Biz o vaxt nümunə göstərdik, indiki dırnaqarası müxalifətə nümunə olduq. Biz həmin vaxt hakimiyyəti tənqid edəndə, konstruktiv və sivil tərzdə tənqid edirdik. İndiki müxalifət partiyaları partiyamızdan, qəzetləri isə qəzetimizdən nümunə götürməli idilər. Biz həmişə vahid ideyanı müdafiə etmişik. Bu mənafe isə dövlətçilik, Azərbaycançılıq ideyalarından ibarət idi. Biz heç vaxt partiyanın mənafeyini dövlətin, xalqın mənafeyindən üstün tutmamışıq. Bizə təzyiqlər, basqılar olunurdu. Hətta bir dəstə \"qoçu\" qəzetimizə hücum eləyib, güllə atmışdı. Mənim avtomobilimin əyləcini də xarab etmişdilər ki, mən qəzaya düşüm. Həm \"Səs\" qəzeti, həm \"Əlincə\" Cəmiyyəti, həm də partiyamız üç otaqda fəaliyyət göstərərək, mübarizə aparırdıq. Amma bütün çətinliklərə, süni maneələrə baxmayaraq biz xalqa, dövlətə xeyirli, gərəkli fəaliyyətimizi davam etdirdik. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra \"Səs\" qəzeti daha təkmil və geniş formada fəaliyyətini quraraq, Dahi Öndərin ideya və siyasi təcrübəsinin, gördüyü işləri faktlarla cəmiyyətə, oxuculara çatdırdı. Birmənalı şəkildə deyə bilərəm ki, \"Səs\" qəzeti bu gün də öz ənənəsinə sadiqdir. Bu gün də Ulu Öndər Heydər Əliyevin ideyalarını təbliğ edir, ölkə Prezidenti İlham Əliyevin apardığı siyasəti insanlara çatdırır.
- Fəaliyyətə başlayanda qəzet konkret hansı ideologiyaya əsaslanırdı?
- Həmin vaxt sırf siyasi-ideoloji qəzet kimi fəaliyyətə başlamaq çətin idi. Çünki o dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü siyasi sifarişi əsasında respublikanın bir sıra mətbu orqanlarında Ulu Öndər Heydər Əliyevə qarşı iftira və qarayaxma kampaniyası aparılırdı. Qəzetimiz həmin dövrdə mövcud olan hakimiyyətə qarşı müxalif mövqedə idi və haqlı olaraq bu mətbu orqanın qurucuları bütün Azərbaycan vətəndaşları kimi xalqımızın gələcək taleyini böyük tarixi şəxsiyyət Heydər Əliyevlə birgə görürdülər. O dövrdə Ulu Öndərə rəğbətin ifadə edilməsi olduqca təhlükəli idi. Həmin dövrdə xalqımız və dövlətçiliyimiz qarşısında öz tarixi məsuliyyətini dərk edən qəzetimizin qurucuları belə bir məsuliyyətli və dövlətçiliyimiz üçün həlledici mərhələdə Heydər Əliyev ideyalarını ictimai rəyə çatdırmaq kimi şərəfli bir missiyanı öz üzərinə götürdülər. Qəzetin 1991-93-cü il saylarında Ulu Öndər Heydər Əliyevin müsahibələrini və onun haqqında məqalələri, həmçinin, ölkə parlamentindəki çıxışlarını oxucularına təqdim edirdi. Qəzet, Ulu Öndərin xarici mətbuata verdiyi müsahibələri tərcümə edərək ölkə ictimaiyyətinə çatdırırdı. \"Səs\" qəzetinin öz dəsti-xətti, öz ənənəsi olub və bu gün də mövqeyini qoruyub sayxlayır. Deyərdim ki, mövqe bu qəzetdə heç vaxt dəyişməyəcək. Ona görə ki, bu, artıq qəzetin kollektivin qanına hopub və belə də davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB