Moldova parlamentinin deputatı: "Hakimiyyət Ermənistana silah satışına görə üzr istəməlidir"

Moldova parlamentinin deputatı: "Hakimiyyət Ermənistana silah satışına görə üzr istəməlidir"

Yaxın keçmişdə hakimiyyətdə olan Moldova Kommunist Partiyası Ermənistana silah satan hazırkı rejimin etdiyi səhvə heç vaxt yol verməzdi. Bu barədə Moldova parlamentinin deputatı, Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Violetta İvanov bəyan edib.


"Mən 2001-2009-cu illərdə hakimiyyətdə olan və bu müddət ərzində bizim (Azərbaycanla - İF-Az) münasibətlərimizi hərtərəfli inkişaf etdirməyə çalışan Kommunist Partiyasının nümayəndəsiyəm. Və biz heç bir zaman hazırkı ittifaqın Ermənistana silah satması kimi səhvlərə yol verməmişik", – deyə V.İvanov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.


"Biz parlamentdə bu addımı pislədik. Moldova Respublikası əhalisinin, demək olar, yarısının dəstəklədiyi partiyamız bu siyasətə qarşı çıxıb. Lakin, əfsuslar olsun ki, hakimiyyət indiyədək nə üzrxahlıq edib, nə də bunun hansı səbəbdən baş verdiyinə dair dəlil göstərib. Bu çox pis haldır", - deyə o vurğulayıb.


Xəbər verildiyi kimi, bu yaxınlarda Ermənistana gizli silah satışının üstü açılıb. Moldovanın müdafiə naziri Vitali Marinutsa yerli parlamentdə dinləmələr zamanı silah ticarəti faktını təsdiqləyib. Bu silah iritutumlu təyyarə ilə Kişinyovdan İrəvana çatdırılıb. Moldova höküməti hərbi texnika ticarəti ilə bağlı məlumatı olmadığını bəyan edib. Ancaq hərbi funksionerlər hökümətin təlimatına uyğun hərəkət etdiklərini bildiriblər.


Ermənistana satılmış silahlar arasında 9V862 nəzarət-yoxlama kompleksləri, 9V863 "Kobra" raketi, həmçinin 9V871-3 "Konkurs-M" tank əleyhinə raket kompleksləri var. Satılmış silahlar arasında minlərlə "Faqot", "Konkurs", "Şturm-S", "Metis" raketləri də var


Yaranmış qalmaqal nəticəsində Moldova prezidenti Marian Lupu ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi, general Yuri Dominiçi tutduğu vəzifədən azad edib.

Bütün xəbərlər Facebook səhifəmizdə