İlham Əliyev İraqın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İraq Respublikasının xarici işlər naziri Hoşyar Zebarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nazir Hoşyar Zebari İraq prezidenti Cəlal Tələbaninin, Baş nazir Nuri əl-Malikinin salamlarını dövlət başçısına çatdırıb.


Hoşyar Zebari beynəlxalq sülhməramlı missiyanın tərkibində Azərbaycan sülhməramlılarının İraqdakı fəaliyyətinə görə dövlət başçısına minnətdarlığını bildirib. Xalqlarımızın uzun illər yaxın dostluq əlaqələrinə və birgə mədəniyyətə malik olduğunu vurğulayan İraqın xarici işlər naziri hazırda bu əlaqələri fəal şəkildə daha da genişləndirməyin zəruriliyini qeyd edib. İraqda Azərbaycanın səfirliyinin fəaliyyət göstərməsinə ehtiyac olduğunu deyən nazir bunun əlaqələrimizin inkişaf etdirilməsi baxımından önəmini vurğulayıb.


Dövlət başçısı ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün yaxşı imkanların olduğunu bildirib. Prezident İlham Əliyev yaxın vaxtlarda İraqda Azərbaycanın səfirliyinin açılacağına əminliyini ifadə edib. Xalqlarımız arasındakı əlaqələrin həmişə səmimi dostluq münasibətlərinə əsaslandığını deyən dövlət başçısı İraqdakı əməliyyatlarda Azərbaycan sülhməramlılarının iştirakını dost İraq xalqına ölkəmizin göstərdiyi yardım kimi qiymətləndirib.


Dövlət başçısı bu günlərdə İraqda törədilən terror aktları nəticəsində çoxsaylı insan tələfatından kədərləndiyini bildirib, bununla əlaqədar İraq xalqına başsağlığı çatdırmağı xahiş edib. Ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığından məmnunluğunu bildirən prezident İlham Əliyev BMT-nin Baş Məclisində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı keçirilən müzakirələrdə və Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçildiyi zaman keçirilən səsvermədə İraqın ölkəmizə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Dövlət başçısı İraq Respublikasının xarici işlər naziri Hoşyar Zebarinin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.


Prezident İlham Əliyev İraq prezidenti Cəlal Tələbaninin, Baş nazir Nuri əl-Malikinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İraqın dövlət başçısına və Baş nazirinə çatdırmağı xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə