YAP Tacikistan Xalq Demokrat Partiyası ilə birgə əməkdaşlığa dair memorandum imzalayıb

YAP Tacikistan Xalq Demokrat Partiyası ilə birgə əməkdaşlığa dair memorandum imzalayıb

Bu gün Yeni Azərbaycan Partiyasında (YAP) hakim partiyanın sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov Tacikistan Xalq Demokrat Partiyasının sədr müavini Asror Latipovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə qonaqları salamlayan Ə.Əhmədov onlara Azərbaycan və partiyanın tarixi barədə ətraflı məlumat verib. O, həmçinin partiyanın təşkil etdiyi beynəlxalq konfransda iştirak etdiyi üçün qonaqlara öz təşəkkürünü bildirib. Ə.Əhmədov vurğulayıb ki, səfər çərçivəsində partiyalar arasındakı əməkdaşlıq ölkələr arasındakı münasibətlərə də öz müsbət təsirlərini göstərəcək. Onun sözlərinə görə, Azərbaycanla Tacikistan həyatında oxşar cəhətlər çoxdur və bu baxımdan münasibətlərin, əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Qonaq da öz növbəsində səmimi qəbul üçün öz minnətdarlığını bildirib. Azərbaycanın Tacikistan üçün hər zaman mühüm ölkələrdən biri olduğunu deyən A.Latipov qeyd edib ki, bu dostluq və əməkdaşlıq əlaqələri hər zaman davam etdirilməlidir.

Görüşün davamında Yeni Azərbaycan Partiyası (YAP) Tacikistan Xalq Demokrat Partiyası ilə birgə əməkdaşlığa dair memorandum imzalayıb. Sazişi YAP-ın sədr müavini, icraçı katibi, millət vəkili Əli Əhmədov və Tacikistan Xalq Demokrat Partiyasının sədr müavini Asror Latipov imzalayıblar.

Ə.Əhmədov bildirib ki, sənədin imzalanması Azərbaycanla Tacikistan arasında əlaqələrin genişləndirilməsinə şərait yaradacaq. O, gələcəkdə iki partiyanın birgə layihələr həyata keçirməsinin mümkünlüyünü qeyd edib. Partiyanın sədr müavinin sözlərinə görə, iki partiyanın gənclər təşkilatlarının da bir-biri ilə sıx əlaqə yaratmağının mühüm olduğunu deyib: İki partiya arasında əməkdaşlığın inkişafı Tacikistan və Azərbaycan ölkələri arasında əlaqələrin genişləndirilməsi baxımından da əhəmiyyətlidir. İmzalanan sənəd partiyalar arasında gələcək əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayacaq. Azərbaycan investisiyaların cəlb olunmasına maraqlıdır və özü də digər ölkələrdə investisiya layihələri həyata keçirir. Bu baxımdan iki ölkə arasında əlaqələr siyasi və iqtisadi istiqamətdə də dərinləşə bilər".

YAP-ın sədr müavini Ə.Əhmədov iki ölkənin gəncləri arasında münasibətlərin daha da sıxlaşmasının zəruriliyini qeyd edib. O bildirib ki, gələn ilin mayında Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində bu ölkədən olan gənclərə də bütün şərait yaradılacaq. Onun sözlərinə görə, "Eurovision" mahnı müsabiqəsi üçün tikilən yeni zal Bakının daha bir müasir simvoluna çevriləcək.

Tacikistan Xalq Demokrat Partiyasının sədr müavini Asror Latipov isə Azərbaycanla hazırki dönəmdə məhsuldar əlaqələrin qurulduğunu deyib. O qeyd edib ki, partiyalar arasında əməkdaşlıq yeni əlaqələrə körpü yaradacaq.

"Hər iki partiya öz ölkələrində aparıcı və iqtidarda olan partiyalardır. Bu sənədin imzalanması təkcə iki partiya arasında deyil, həmçinin, gələcəkdə iki ölkə arasında böyük bir perspektivlər açacaq. Mən artıq ikinci dəfədir ki, Bakıya səfər edirəm. Həm birinci, həm də indiki səfərlə bağlı təəssüratlarım çox yüksəkdir. Təbii ki, Azərbaycanın iqtisadi inkişafında hakimiyyətin və hakim partiya Yeni Azərbaycan Partiyasının rolu danılmazdır", - deyə o əlavə edib.

Görüşün sonunda Tacikistan Xalq Demokrat Partiyasının sədr müavini Asror Latipov YAP-ın nümayəndə heyətini gələn ilin martında keçiriləcək Beynəxalq Novruz Bayramına dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə