Əli Əhmədov: “Bu qanunun qəbulu hər bir Azərbaycan vətəndaşının Fransaya olan münasibətinə ciddi şəkildə təsir göstərəcək\"

Fransa Milli Assambleyasında Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi böyük haqsızlıq və ədalətsizlikdir. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov deyib. O bildirib ki, ikinci bir tərəfdən bu tarixin ciddi bir şəkildə saxtalaşdırılmasıdır. Onun fikrincə, saxta, qondarma \"soyqırımı\" iddiası əsasında Avropa ölkələrindən biri olan Fransa tərəfindən belə bir qərarın qəbul edilməsi bu dövlətin demokratik mahiyyətinə, hüquq və azadlıqlarına hörmət məfkurəsi üzərinə çox böyük bir kölgə salır. Ə.Əhmədov qeyd edib ki, bu, təbii ki, Azərbyacan tərəfindən də Türkiyəyə qarşı təzyiq kimi qiymətləndirilir.

Belə bir qərarın qəbul edilməsinə Azərbaycanın mövqeyinə gəlincə, YAP-ın sədr müavini hesab edib ki, hər bir ölkə vətəndaşı birincisi haqsızlığa, ikincisi Türkiyəyə qarşı təzyiq göstərmək cəhdinə görə, belə bir qərarın qəbul edilməsinə kəskin şəkildə öz etirazını bildirməlidir: "Bu təkcə Türkiyə-Fransa münasibətlərinə mənfi təsir göstərməyəcək, bu, hər bir Azərbaycan vətəndaşının Fransaya olan münasibətinə ciddi şəkildə təsir göstərəcək. Təbii ki, əgər vətəndaşların münasibətində ciddi və neqativ reaksiya olacaqsa, bu reaksiya bütövlükdə yanaşmada ciddi dəyişikliklərə gətirib çıxaracaq. Əlbəttə, Fransa Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar yaranmış Minsk qrupunun həmsədrlərindən biridir. Minsk Qrupu sözdə münaqişənin həllinə səy göstəridiklərini bəyan ediblər, amma 20 il ərzində münaqişənin həll edilməsi istiqamətində real bir addım atılmayıb və münaqişə bu gün də qalmaqda davam edir. Bunun özü də hesab edirəm ki, az şeydən xəbər vermir. 20 il ərzində Azərbaycanın pozulmuş haqqının və hüquqlarının bərpa edilməsi istiqamətində ciddi işlər görülməyibsə, bu, o deməkdir ki, Minsk Qrupu bütövlükdə fəaliyyət göstərə bilmir və ən azından bu problemin ədalətli şəkildə həll olunması istiqamətində düzgün mövqe tuta bilmir. Azərbaycanın hüquqlarının pozulduğu hər kəsə məlumdur və ədalətli şəkildə yanaşma olsaydı, indiyə qədər bu münaqişə aradan qaldırılmış, yəni Azərbaycan torpaqları ermənilərdən təmizlənmiş olardı. Azərbaycan kimdənsə qeyri-adi nəsə tələb etmir. Əgər bu ədalətli tələb bu günə kimi yerinə yetirilməyibsə, deməli, Minsk Qurupunun həmsədrləri problemə ədalətli yanaşma yolu tapa bilməyiblər. İndisə Azərbaycanın qardaşı olan Türkiyəyə qarşı Fransa belə bir ədalətsizliyə və haqsızlığa yol verib. Bu da Azərbaycan cəmiyyəti və hər bir azərbaycanlı tərəfindən qətiyyətlə pislənilir. Buna qarşı özümüzün etiraz səsimizi qaldırıb, məsələyə münasibətimizi bildirməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə