Milli Məclisin vitse-spikeri: \"Fransanın tarixindəki bəzi məqamlar da başqa ölkələrdə eyni şəkildə qiymətləndirilə bilər\" - MÜNASİBƏT

Milli Məclisin vitse-spikeri: \"Fransanın tarixindəki bəzi məqamlar da başqa ölkələrdə eyni şəkildə qiymətləndirilə bilər\" - MÜNASİBƏT

"Tarix tarixçilərin işidir. Siyasətçilər müxtəlif maraqlardan tarixi hadisələrə münasibət bildirərkən bir çox səhvlər baş verir. Fransa parlamentində uydurma "erməni soyqırımı"nın inkarının cinayət sayılması ilə bağlı qanunun qəbulu üçün çalışan şəxslər bunu düşünməlidir". SİA-nın məlumatına görə, bunun jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, bu, öz-özlüyündə söz azadlığına, fikir müxtəlifliyinə, plüralizmə zidd bir mövqedir: "Belə olduğu təqdirdə, Fransanın tarixindəki bəzi məqamlar da başqa ölkələrdə eyni şəkildə qiymətləndirilə bilər. Bu da ölkələr, xalqlar arasındakı münasibətlərə xələl gətirə bilər. Hesab edirəm ki, Fransada məntiqi mühakiməsi olan, dünyada gedən prosesləri düzgün dəyərləndirən və ölkələr, xalqlar arasındakı münasibətlərin qarşılıqlı inama, hörmətə əsaslanmasını istəyən şəxslər buna qarşı çıxmalıdırlar".

Vitse-spiker onu da vurğulayıb ki, bu cür qanunların qəbulu ATƏT-in Minsk Qrupunun üzvü olan Fransanın bitərəf həmsədr olmasını və qərəzsizliyini şübhə altına salır. O həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyə parlamentləri eyni qaydada bu məsələyə mane olmaq üçün səylər göstərir: "Hesab edirəm ki, bu səylər davam etməlidir. Diplomatik əlaqələri kəsmək deyil, bu kimi məsələlərə qarşı çıxmaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə