\"Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar\" adlı beynəlxalq konfrans öz işinə başlayıb - TƏDBİR
Bu gün Gülüstan sarayında Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə \"Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar\" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
SİA-nın verdiyi xəbərə görə, konfransın açılışında çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, müstəqillik əldə edildikdən sonra Azərbaycan inkişaf baxımından böyük nailiyyətlər əldə edib. O qeyd edib ki, ən böyük nailiyyətlərdən biri də Azərbaycanın 2008-ci ildə dünyada baş verəni qtisadi və maliyyə böhranından özünü qoruması oldu."Ermənistan-Azərbaycan münaqişəsinin nəticəsi olan yoxsulluq Azərbaycanda 49 faizdən 8 faizə endirilib. Bu dəyişikliklər bir yandan ölkədə həyata keçirilən böyük layihələrlə bilavasitə əlaqədardır, ikinci tərəfdən isə bütün bunların hamısı Azərbaycandakı sosial siyasətin və formalaşmış sosial modelin nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır", - deyə o əlavə edib.
Əli Əhmədov deyib ki, iqtisadi və maliyyə böhranı dünyanın ciddi sosial dəyişikliyə uğramasına gətirib çıxarıb: "Bu zəmində hazırda dünyanın maliyyə resurslarına iddiaçıların sayı da çoxalıb. İqtisadi böhran aradan qalxsa da onun fəsadları hələ də mövcuddur. Lakin bu fəsadları Azərbaycana şamil etmək olmaz. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, Azərbaycanda bütün bu inkişaf Azərbaycan ərazisinin yalnız 80 faizində müşahidə etmək mümkündür. Ərazilərin digər 20 faizində isə həyat demək olar ki, dayanıb".
Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan prezidentinin konfrans iştirakçılarına ünvanladığı məktubunu oxuyub.
Qeyd edək ki, forumda həmçinin Yeni Azərbaycan Partiyasının əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatların - Avropa Xalq Partiyasının və Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının rəhbərləri Uilfrid Martens və Xose de Venesia iştirak edirlər. Konfransda iki böyük məruzə dinləniləcək və müzakirələr dörd panel iclasında davam etdiriləcək.
İlkin Nəcəfli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB