Prezident İlham Əliyev Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkı ilə tanış olub - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 19-da Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olub.
SİA-nın xəbərinə görə, Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya parkda həyata keçirilən əsaslı yenidənqurma və abadlıq işləri ilə bağlı məlumat verilib. Bildirilib ki, əsası 1956-1960-cı illərdə qoyulmuş bu park 1967-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin qərarına əsasən, mədəniyyət və istirahət parkı kimi fəaliyyətə başlayıb. Parkın ərazisi 23 hektardır. Parkın ərazisində küləyə və quraqlığa davamlı müxtəlif növ ağaclar əkilib. 1978-ci ildə parka dahi Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilib, 2003-cü ildə isə burada Nəsiminin heykəli ucaldılıb. Bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2001-ci ildən Nəsimi adına Sumqayıt dənizkənarı mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilib. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə parkın yeni layihəsi hazırlanıb. Dövlətimizin başçısı və xanımı parkın gələcək görüntülərini əks etdirən stendlərə baxdılar.
Qeyd olunub ki, əsaslı yenidənqurma və abadlıq işlərindən sonra ərazi şəhər əhalisinin və qonaqların ən sevimli istirahət mərkəzinə çevriləcəkdir. Parkın ətrafındakı yaşayış binalarının fasadlarının və damlarının yenilənməsi və şəhərin müasir görkəminə uyğunlaşdırılacağı da qeyd olunub. Parkda görülən işlərlə tanış olan Prezident İlham Əliyev abadlıq və yenidənqurma tədbirləri ilə bağlı müvafiq tapşırıqlarını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB