SAM-ın ekspertləri Polşada silsilə tədbirlərdə iştirak ediblər

SAM-ın ekspertləri Polşada silsilə tədbirlərdə iştirak ediblər

Azərbaycanın Polşadakı səfirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Polşanın bir sıra araşdırma mərkəzləri ilə birlikdə 12-18 dekabr tarixlərində Varşava şəhərində silsilə tədbirlər təşkil ediblər. SAM-ın direktor müavini Gülşən Paşayevanın rəhbərlik etdiyi, habelə SAM-ın aparıcı ekspertləri Rəşad Kərimov və Vüsal Qasımlının, eyni zamanda Azərbaycan Diplomatiya Akademiyasından Aygün Hacıyevanın təmsil olunduğu heyət səfər çərçivəsində Polşanın aparıcı araşdırma mərkəzlərindən olan alimlərlə müxtəlif formatda 9 görüş keçirərək Azərbaycan, onun uğurları və problemləri ilə bağlı müzakirələr aparıblar.

SAM-dan SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri "Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" proqramı - Azərbaycan: Çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda, Azərbaycanın Polşadakı səfirliyinin Polşanın Kazimir Pulaski Fondu və Avropa Diplomatik Akademiyası ilə birgə təşkil etdiyi ictimai mühazirələrdə, PİSM, Marek Karp adına Şərq Araşdırmaları Mərkəzi və Varşava Universitetinin Şərqi Avropa İnstitutunda təşkil edilmiş dəyirmi masalarda iştirak və çıxış ediblər.

Səfər çərçivəsində SAM və Varşava Universitetinin Siyasi Təhlillər Mərkəzi arasında elmi-tədqiqat sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə