Azərbaycanın Aktaudakı Baş Konsulluğunun mühafizəsi gücləndirilib

Azərbaycanın Aktaudakı Baş Konsulluğunun mühafizəsi gücləndirilib

Qazaxıstanda iğtişaşlarla bağlı vəziyyət kritik olduğundan Azərbaycanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov Manqistau vilayətində yaşayan azərbaycanlı icmasinin nümayəndələrilə görüş keçirib. Baş konsul onlara təhlükəsizlik tədbirləri ilə bağlı tapşırıqlar verib. Hadisələr başlanandan dərhal sonra Qazaxıstan Xarici İşlər Nazirliyinin göstərişinə əsasən konsulluğun mühafizəsi gücləndirilib. Baş konsul toqquşmaların baş verdiyi Şepte qəsəbəsində azərbaycanlı yaşamadığını, Janaozendə yaşayan azərbaycanlılarla isə hələ də əlaqə saxlamaq mümkün olmadığını bildirdi.


"Dünən biz Janaozendə yaşayan azərbaycanlılarla maraqlanmışıq, onların vəziyyətini öyrənmək, onların Aktau şəhərinə gətirilməsi üçün diaspora nümayəndələrilə görüşmüşük. Ancaq onlar ora gedə bilməyiblər. Hazırda ora hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Biz hüquq-mühafizə orqanları ilə də əlaqə saxladıq. Onlar bildirdilər ki, orada yaşayan azərbaycanlıların vəziyyəti normaldır", - deyə Rəşad Məmmədov bildirib.


Xatırladaq ki, Qazaxıstanın Janaozen şəhərində son 3 gündə baş vermiş iğtişaşlarda ölənlərin sayı 11-ə çatıb. Müxalifət isə ölənlərin sayının 50-dən az olmadığını bildirib. Şahidlər Manqistau vilayətinin xəstəxanalarında yaralılar üçün yer çatmadığını bildirirlər. Ölkə prezidenti Nursultan Nazarbayev Janaozen şəhərində yanvar ayının 5-ə kimi fövqalədə vəziyyət elan edib. Şəhərə giriş məhdudlaşdırılıb və bütün bu günlər ərzində gecə saat 11-dən səhər saat 7-ə kimi komendant saatı tətbiq edilib. "Azadlıq" radiosunun qazaxdilli xidmətinin məlumatına görə, ötən gecə Almatıdan bir qrup jurnalist Manqıstau vilayətinin mərkəzi Aktau şəhərinə gəldikdən sonra buradan Janaozen şəhərinə daxil ola bilməyiblər. Şəhərə heç kim buraxılmır.

Bütün xəbərlər Facebook səhifəmizdə