Brüsseldə \"Azərbaycan Xarici İşlər Naziri ilə söhbət” mövzusunda debat təşkil edilib

Brüsseldə \"Azərbaycan Xarici İşlər Naziri ilə söhbət” mövzusunda debat təşkil edilib

Brüsseldə yerləşən Təhlükəsizlik və Müdafiə Gündəmi təşkilatı Azərbaycan Kommunikasiya Ofisi ilə birgə "Azərbaycan Xarici İşlər Naziri ilə söhbət" mövzusunda debat təşkil edib. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından (AVCİYA) SİA-ya verilən məlumata görə, tədbirə Brüsseldə yerləşən beynəlxalq qurum, QHT, media və diplomatik korpusları təmsil edən 110-dan artıq iştirakçı qatılıb. Debat zamanı cənab Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın 20 il bundan əvvəl Sovet İttifaqından ayrılması və müstəqillik qazanmasından sonra keçdiyi yol, bu dövr ərzində beynəlxalq səhnədə aktiv dövlət statusuna nail olması, zəngin enerji ehtiyatlarına mənsub olduğu üçün enerji və digər sahələrdə qonşu dövlətlərlə münasibətlərinin qurulması, Xəzər dənizinin statusunun müəyyən edilməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu, Avropa İttifaqı-Azərbaycan və NATO - Azərbaycan münasibətləri barədə məlumat verib. Azərbaycanın Əfqanıstanda həm hərbi kontingentini yerləşdirməklə, həm də humanitar yönümlü proqramlarda iştirakı ilə Qərb ölkələri və NATO alyansına yardım etməsini söyləyən nazir, 2014-cü ildə bütün hərbi birləşmələrin Əfqanıstandan çıxarılması planlarını düzgün olmayan qərar kimi qiymətləndirib, xarici qüvvələrin Əfqanıstandan çıxarılacağı təqdirdə ölkənin yenidən xaos və daxili münaqişələr meydanı ola bilməsi təhlükəsini vurğulayıb. Nazir buna misal olaraq, sovet qoşunlarının Əfqanıstandan çıxmasından sonra Nəcibulla hakimiyyətinin aqibətini göstərib.

Tədbirdə iştirak edən Avropa Komissiyası, Avropa Parlamenti və müxtəlif strateji araşdırma mərkəzlərindən olan nümayəndələr nazirə Azərbaycanın iqtisadiyyatı, enerji sektoru, Avropanın enerji təhlükəsizliyində rolu, Dağlıq Qarabağ münaqişəsində Avropanın rolunun artırılması barədə suallar veriblər. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün ən ağrılı və prioritet məsələ kimi qaldığını deyən E. Məmmədyarov, Azərbaycanın sülh danışıqları yolu ilə münaqişənin həll edilməsinə ümidini hələ də itirmədiyini deyib. O, "bizim sülh yolu ilə əldə edə biləcəyimizlə müqayisə etdikdə, hətta bir gənc əsgərin həyatı ödənilməsi çox yüksək olan bir qiymətdir", deyə vurğulayıb.

Həmçinin E. Məmmədyarov iqtisadiyyat xəbərləri üzrə ixtisaslaşan dünyanın ən aparıcı telekanallarından olan Bloomberg TV-də canlı yayımda müsahibə verib. Müsahibənin videosu "Vaşinqton Post" qəzetinin saytında da yerləşdirilib. "World Street Journall" isə müsahibə əsasında geniş məqalə hazırlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə