Rabitə və informasiya texnologiyaları işçiləri peşə bayramını qeyd edir
Bugün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçiləri peşə bayramlarını qeyd edirlər. SİA-nın xəbərinə görə, bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamı ilə təsis olunub. Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci ildə Bakıda "Nobel qardaşları" cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilib.Azərbaycanda rabitə sahəsi ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb. Ölkədə rabitə sisteminin əsas inkişaf dövrü ötən əsrin 70-80-ci illərini əhatə edir. Həmin illərdə respublikaya rəhbərlik etmiş Heydər Əliyevin bu sahənin inkişafına göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə əksini tapıb. 1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə 20 dəfədən çox artmış, telefon Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilmişdi. Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf yolu keçib. Bakıda Dəmir yolu yanı poçtamt binasının, Rabitə Evi, onlarla rayon mərkəzində rabitə qovşaqları üçün binaların, bundan başqa respublikada 300-dən çox poçt şöbəsi binasının tikintisi o dövrdə reallaşıb.1979-cu ildə Heydər Əliyevin şəxsi rəhbərliyi altında yaradılmış komissiya tərəfindən Bakıda - köhnə teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik yeni teleqüllənin layihəsi təsdiq edildi və 1981-ci ildə obyektin tikintisinə başlandı. Bir sıra obyektiv və subyektiv səbəblər üzündən yeni teleqüllənin istismara verilməsi ləngidilsə də Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə ulu öndərin diqqət və qayğısı sayəsində xalqın istifadəsinə verilib. Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyaları sektorunun hazırkı sürətli inkişafı ümummilli liderin kursunu davam etdirən Prezident İlham Əliyevin şəxsi diqqəti və qayğısı nəticəsində əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB