ATƏT-in sədri: "Uzun sürən münaqişələrin nizamlanmasına istiqamətlənmək lazımdır"

ATƏT-in sədri: "Uzun sürən münaqişələrin nizamlanmasına istiqamətlənmək lazımdır"

Uzun sürən münaqişələrin nizamlanmasına istiqamətlənmək lazımdır. SİA-nın verdiyi məlumata görə, bu barədə Vilnüsdə keçirilən mətbuat konfransında ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis deyib.


O, altı illik fasilədən sonra Dnestryanı münaqişənin nizamlanması üzrə danışıqların davam etdirilməsi amilini alqışlayıb və bir həftə əvvəl "5+2" formatında baş tutan görüşün vacibliyini qeyd edib.


Ajubalisin sözlərinə görə, bu onu göstərir ki, səbr özünü doğruldur və çoxlarının səyi ilə əldə edilən nəticə irəliyə hərəkət üçün əsas qoyub. Ajubalis bildirib ki, Litvanın ATƏT-ə sədr seçilməsindən etibarən onun tərəfindən fikir irəli sürülüb ki, hətta millimetr irəliləyiş də uğurdur. "Fikrimcə, biz buna nail olmuşuq", - o qeyd edib.


Dekabrın 6-7-də ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində keçiriləcək qarşıdakı danışıqlara gəlincə, Ajubalisin fikrincə, danışıqlar gərgin olacaq. Eyni zamanda, o, hər hansı bir proqnoz verməkdən çəkinib və yalnız onu qeyd edib ki, danışıqlar olduqca gərgin keçəcək.


İclas çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mümkün görüşlərə gəlincə isə Ajubalis deyib ki, hadisələri qabaqlamaq istəmir.


"Hansı görüşlərin, xüsusilə də bu məzmunda görüşlərin olacağı barədə indi danışmaq istəmirəm", - nazir bildirib və bununla da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş haqqında məsələni açıq qoyub.


Ajubalisin sözlərinə görə, ATƏT XİNŞ-in iclasında iştirak etmək üçün Vilnüsə 45 XİN rəhbəri və beynəlxalq təşkilatların nümayəndələri gəliblər.


Bütün xəbərlər Facebook səhifəmizdə