Romada Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. SİA-nın verdiyi məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsü və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə baş tutan mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
Mərasimdən əvvəl Mehriban xanım Əliyeva İtaliyanın Xarici İşlər Nazirliyinin dövlət katibi xanım Marta Dassu ilə görüşüb.
Azərbaycanın birinci xanımı ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün İtaliyanın paytaxtında keçirilməsindən məmnunluğunu bildirib. Mehriban xanım Əliyeva Azərbaycan ilə İtaliya arasında əlaqələrin yüksək sürətlə inkişaf etməsinin təsadüfi olmadığını diqqətə çatdırıb. Məqsədinin Azərbaycanın mədəni irsini dünyada tanıtmaq olduğunu vurğulayan Heydər Əliyev Fondunun prezidenti bu görüşün əlaqələrin inkişafına yeni təkan verəcəyini söyləyib.
İtaliyanın Prezidenti Ciorcio Napolitano ilə görüşünü xatırlayan Mehriban xanım Əliyeva bir sıra vacib məsələlərin müzakirə edildiyini, Azərbaycan ilə İtaliyanı sıx dostluq münasibətlərinin birləşdirdiyini və əlaqələrin daha da genişlənəcəyini diqqətə çatdırıb.
Xanım Marta Dassu yeni təyin olunduğu vəzifəsində ilk görüşünü məhz Azərbaycanın birinci xanımı ilə keçirdiyindən məmnunluğunu dilə gətirib. "Mən hesab edirəm ki, Azərbaycan hər bir sahədə İtaliya ilə yaxın münasibətdə olmalıdır", - deyən dövlət katibi bu əlaqələrin xüsusən iqtisadi və mədəni sahələrdə genişlənməsinin zəruriliyini önə çəkib.
Xanım M.Dassu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tərcümeyi-halı ilə tanış olduğunu diqqətə çatdırıb, onun rəhbərliyi altında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb.
Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Marta Dassu milli xalçalarımızın sərgisinə baxıblar. Azərbaycan xalçaçılıq məktəbinin zəngin ənənələrini əks etdirən xalçalar sərgiyə baxanlarda heyranlıq doğurub. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbinin nümunələri bu ərazinin əzəli Azərbaycan torpağı olduğunu bir daha sübut edib. Böyük tarixi inkişaf yolu keçən Azərbaycan xalçaçılıq sənəti bu gün özünün qayğıkeş hamisi olan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə dünyada tanınır, yeni inkişaf mərhələsinə qədəm qoyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB