Ölkə prezidenti Həbəşistanın Azərbaycandakı səfiri Mulatu Teşomenin etimadnaməsini qəbul edib

Ölkə prezidenti Həbəşistanın Azərbaycandakı səfiri Mulatu Teşomenin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Həbəşistan Federativ Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mulatu Teşomenin etimadnaməsini qəbul edib. SİA-nın xəbərinə görə, Mulatu Teşomen etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bağlı keçirilən səsvermə zamanı Azərbaycana verdiyi dəstəyə görə Həbəşistan hökumətinə təşəkkürünü bildirib. Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Həbəşistan arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu dilə gətirib. Səfir Mulatu Teşomen Həbəşistan Prezidenti Girma Volde-Giorgisin salamlarını dövlətimizin başçısına çatdırıb. Səfir ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi üçün qarşılıqlı maraqların olduğunu deyib. Dövlətimizin başçısı Prezident Girma Volde-Giorgisin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Həbəşistanın dövlət başçısına çatdırmağı xahiş edib.


Bütün xəbərlər Facebook səhifəmizdə