Rasim Musabəyov: “Erməni tərəfi dialoqa hazır olmadığını göstərdi”

Rasim Musabəyov: “Erməni tərəfi dialoqa hazır olmadığını göstərdi”

"Dağlıq Qarabağın erməni icmasının Berlində icmaların görüşünə qatılmaqdan imtina etməsi bir daha qarşı tərəfin dialoqa hazır olmadığını göstərdi". SİA-nın xəbərinə görə, bunu millət vəkili, politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə, erməni icması Qarabağın azərbaycanlı icmasının təşəbbüsü olan görüşdə iştiraka razılıq versə də, sonradan mövqeyini dəyişib: "Düşünürəm ki, bununla ermənilər belə dialoqlara hazır olmadıqlarını göstərməklə yanaşı, özlərini pis vəziyyətdə qoydular. Uzun müddətdir Azərbaycanın torpaqlarını işğalda saxlayan ermənilər məhz Qarabağın yalnız onlardan ibarət olduğunu dünyaya yaymaqla məşğuldurlar. Amma artıq onların bu barədə stereotipləri tədricən məhv olmaqdadır".

R.Musabəyov deyib ki, ermənilər bütün dünyada azərbaycanlılar barədə mənfi rəy formalaşdırmağa çalışırlar: "Belə təəssürat yaratmaq istəyirlər ki, biz ermənilərlə birgə yaşayışa hazır deyilik. Amma onlar dialoqdan, sülh prosesindən yayınmaqla bu fikri də alt-üst edirlər".

Gələn ay Parisdə icmaların görüşünün gözlənildiyini deyən politoloq erməni icmasının bu görüşdə iştirak edib-etməyəcəyi barədə əvvəlcədən fikir söyləməyin mümkün olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə