Elman Nəsirov: “Yaxın zamanda İrana hücum olması real əsaslara söykənmir” - MÜSAHİBƏ - (SəsTV)
Politoloq Elman Nəsirovun SəsTv-yə müsahibəsi
- Elman müəllim, regionda vəziyyət gərgindir. Xüsusilə, qonşu ölkə olan İranda Qərb əleyhinə nümayişlərin fəallaşması müşahidə olunur. İranın ən yaxın müttəfiqi Suriyaya təzyiqlər artır. Sizcə, bu vəziyyət regionda müharibə təhlükəsindən xəbər verir?
- İndi qara buludlar Suriya üzərində cəmləşməkdədir. Suriyaya ünvanlanmış təzyiqlər əslində İrana olacaq təzyiqlərin bir ifadəsidir. Suriyadakı rejim İrana nisbətən daha zəifdir və bu nöqteyi-nəzərdən də Suriyaya endirilmiş zərbələr İranda artıq öz təsirini göstərir.
İngiltərənin Tehrandakı səfirliyinə hücum ABŞ Səfirliyinə 1979-cu ildə təşkil edilən hücumu xatırladıb. 1979-cu ildəki İran İslam inqilabının ardından Şah Məhəmməd Rza Pəhləvi ABŞ-a sığınmışdı. Pəhləvinin ABŞ-dan geri qaytarılmasını tələb və səfirlik binasının "casus yuvası" olduğunu iddia edən iranlı tələbələr 4 Noyabr 1979-cu ildə Tehrandakı ABŞ Səfirliyinə daxil olaraq 52 səfirlik əməkdaşını girov götürmüşdü. Girovlar 444 gün sonra, 20 Yanvar 1981-ci ildə qaytarılmışdı. Dünənki nümayişdə də ingilis səfirliyinin "casus yuvası" olduğu şüarları səsləndirilib. İranlı bir millət vəkili ötən bazar günü Parlamentdəki İngiltərə ilə bağlı müzakirələrdə, "Londonun anti-İran siyasətini davam etdirəcəyi təqdirdə 1979-cu ildə yaşanan ABŞ səfirliyinə hücumun eynisi ilə qarşı-qarşıya qala biləcəyini" söyləmişdi
- İran bu gün Ermənistan istisna olmaqla qonşu ölkələrlə o qədər də yaxşı münasibətdə deyil. İran ona qarşı tətbiq edilən sanksiyaların əksinə olaraq Qərbə qarşı daha da sərt addımlar atır. İran bu gücü haradan alır?
- İran 2500 illik dövrü tarixə malik imperiya olmuş bir dövlətdir. İranda şiəlik dini artıq siyasi bir faktora çevrilib. Bu baxımdan da onların həm imperiya, həm şiəliyin mərkəzi olmaları özlərində bir növ məmnunluq formalaşdırıb. Suriyaya təzyiqlər olanda Rusiya və Çin də daxil olmaqla BMT Təhlükəsizlik Şurasının hüququndan istifadə etdilər. Onlar düşünür ki, vəziyyət daha da gərginləşərsə Rusiya və Çin İranı müdafiə edicək. Bu günə qədər İranda olan bu sanksiyalar neft sektoruna aid olmayıb. Bu sanksiyalar tətbiq edilsə ölkənin vəziyyəti çox kritik həddə gəlib çata bilər. İranın bu dövlətlərə inteqrasiya olunmuş siyasəti yoxdur ki, onlarla əlaqəni kəsdikdə İrana daha da ciddi təsir göstərsin. Qeyd edim ki, İranın bu arxayınçılığı var.
- İsrail İrana hava hücumunun edilməsində israrlıdır. Qərb bunu dəstəkləsə də, hələlik bu, arxa plandadır. İranda müharibə baş versə, xüsusilə hava hücumu təşkil olunarsa bunun Azərbaycana nə kimi təsir ola bilər?
- Prinsip etibarı ilə yaxın zamanda İrana hücum olması real əsaslara söykənmir. Ona görə, real görünmür ki, ABŞ-ın 2010-cu ildə yeni Milli Təhlükəsizlik konsepsiyası qəbul olundu. Həmin konsepsiyada aydın şəkildə yazılıb ki, ABŞ iştirakçı olduğu müharibələri yekunlaşdırmamış növbəti müharibəyə daxil ola bilməz. Birinci növbədə bu konsepsiyaya ziddir. Mənə elə gəlir ki, burada gedən proses daha çox raket əleyhinə müdafiə sistemini Avropada yerləşdirmək istəyidir. Bu zaman İran təhlükəsini əsas götürüb müharibə olmasa belə əvəzində müdafiə olunub eyni zamanda sistemi yerləşdirsinlər. Mənə elə gəlir ki, bu vəziyyətin arxasında dayanan əsas vəzifə budur. Əlbəttə ki, bu müharibə real olarsa bütün region üçün fəlakətli nəticələrə gətirib çıxara bilər. Belə olan halda da biz yenidən qaçqınlıq ordusu ilə üzləşə bilərik, kriminal aləm genişlənə bilər, narkotiklərin qeyri-qanuni dövriyyəsinə rəvac verilə bilər. Bu da nəticə etibarı ilə bütün regionda siyasi sabitliyi təhlükə altına sala bilər. Ona görə də heç bir ölkə, xüsusilədə Azərbaycan heç bir halda müharibə versiyasını istəmir və bu məsələnin dinc yolla həllində maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB