Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 12-ci iclası keçirilib
Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 12-ci iclası keçirilib. İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, Avropa İttifaqını bu tədbirdə Aİ-yə sədrlik edən Polşa Xarici İşlər Nazirliyinin dövlət katibi Mikolay Dovqileviç və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa komissarı Ştefan Füle təmsil ediblər.
İclasa Azərbaycan tərəfi sədrlik edib.
Görüşdə Avropa İttifaqının təmsilçiləri Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və "Evrovision-2011" mahnı müsabiqəsində birinci yer tutması münasibətilə təbrik ediblər. Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu alqışlanmış, bu nailiyyətlərin Azərbaycanı dünyaya tanıtmaq üçün yaxşı imkan olduğu bildirilib.
Azərbaycanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi haqqında Aİ rəsmilərinə geniş məlumat verib, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq və Avropa Qonşuluq Siyasəti üzrə Aİ-Azərbaycan Fəaliyyət Planında göstərildiyi kimi, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həllinin vacibliyini vurğulayıb. Bu prosesdə Aİ-nın rolu məsələsi də müzakirə edilib.
Danışıqlar çərçivəsində, həmçinin Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı formatında görülmüş işlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub, mövcud əməkdaşlığın Aİ standartlarının Azərbaycanın inkişafına xidmət etdiyi qeyd edilib.
Tərəflər Aİ ilə Azərbaycan arasında Assosiasiya Sazişi üzrə danışıqlarda əldə olunmuş nailiyyətləri alqışlayıb və müzakirələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Aİ ilə Azərbaycan arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunmuş, Aİ nümayəndələri Avropanın enerji təhlükəsizliyi və enerji daşıyıcılarının diversifikasiyasında Azərbaycanın mühüm dayaqlardan biri olduğunu, eləcə də Cənubi Qaz Dəhlizi layihəsinin reallaşdırılmasında Azərbaycanın aparıcı rolunu xüsusi qeyd ediblər.
İclasda Aİ ilə Azərbaycan arasında enerji sahəsində mövcud olan strateji tərəfdaşlığın ikitərəfli əməkdaşlığın digər sahələrini əhatə etməsinin perspektivləri barədə də geniş fikir mübadiləsi aparılıb. Aİ ilə Azərbaycan arasında siyasi dialoqun davam etdirilməsi, yüksək səviyyəli səfərlərin daha da artırılması və digər aktual məsələlər də diqqət mərkəzində olub.
Rəsmi hissə başa çatdıqdan sonra birgə işçi nahar olub. Nahar süfrəsi arxasında Aİ ilə münasibətlərin indiki vəziyyəti, inkişaf perspektivləri, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsi, habelə regionda gedən digər proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB