Türkiyənin Azərbaycandakı səfirliyində yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Türkiyənin Azərbaycandakı səfirliyində yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində müstəqilliyimizin bərpasının 20-ci il dönümü ilə əlaqədar qəzet yazarları və gənclər arasında yazı müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, Türkiyə səfirliyi ilə Təxris olunmuş hərbiçilərin maarifləndirmə ictimai birliyinin birgə təşkilatçılığı ilə təşkil olunan yazı müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimində Azərbaycanın 20 il ərzində qazandığı uğurlar haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəldib. Azərbaycan Respublikası öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridib. Bununla belə ölkə bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı.

Daha sonra çıxış edən Türkiyə Cümhuriyyətinin böyük elçisi Hulusi Kılıc Azərbaycanın 20 il ərzində müstəqil olaraq beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artdığını söyləyib. O, Azərbaycanın bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət kimi böyük nüfuza malik olduğunu mərasim iştriakçılarının diqqətinə çatdırıb. Səfir Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasının Azərbaycanın iqtisadi potensialının hərtərəfli inkişafına verdiyi töhfələrədən də danışıb. O, Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzv seçilməsini əlamətdar hadisələrədən biri kimi dəyərləndirib. Sonra səfir yazı müsabiqəsinin qaliblərini qəzet yazarlarını 1-ci yeri tutmuş \"Üç nöqtə\" qəzetini, 2-ci yerin sahibləri \"Ekspress\" və \"Səs\", 3-cü yeri tutmuş \"Olaylar\" qəzetinin əməkdaşlarına diplomlar təqdim edib.

Millət vəkili Məlahət İbrahimqızı, \"525-ci qəzet\"in baş redaktoru Rəşad Məcid, Təxris olunmuş hərbiçilərin maarifləndirmə ictimai birliyinin sədri Emin Həsənli isə çıxış edərək müstəqillik illərində qazanılan nailiyyətlərindən danışıb və qalibləri təbrik ediblər. Qeyd edək ki, tədbirdə digər qəzet redaktorları ilə birgə \"Səs\" qəzetinin baş redaktoru Bəhruz Quliyev də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə