Bakıya qar yağır

Bu gün Bakıya qar yağıb. Səhər saatlarında yağan güclü qar paytaxt ərazisində bir sıra problemlər yaradıb. Belə ki, bəzi küçələrində tıxaclar müşahidə olunur. İşə tələsən şəhər sakinləri metroda da sıxlıq yaradıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə isə qarlı hava şəraiti ayın 26-a kimi davam edəcək: "Bakı və Abşeron yarımadasında bu gün hava kəskin soyuq və yağıntılı keçəcək. Sulu qar, bəzi ərazilərdə qar yağacaq, güclü şimal-qərb küləyi əsəcək. Gecə və səhər 1-3 dərəcə isti, gündüz və axşam 0-2 dərəcə şaxta olacağı proqnozlaşdırılır".

Yağıntılı hava şəraiti sabah da davam edəcək. Noyabrın 24-dən 25-nə keçən gecə hava yağıntılı olacaq, qar yağacaq, səhər tədricən kəsiləcək. Günün ikinci yarısında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

Bu gün rayonlarda da hava yağıntılı olacaq, sulu qar, qar yağacaq, arabir intensivləşəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək.


Noyabrın 25-də bölgələrdə havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir.


Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirildi ki, yol patrul xidmətinin əməkdaşları yollarda hərəkəti tənzimləmək üçün gücləndirilmiş iş rejimində işləyir. Yol polisi qarlı hava şəraitində sürücülərdən nəqliyyat vasitələrini ehtiyatlı sürməyi və yol hərəkəti qaydalarına əməl etməyə çağırır.


Anomal hava şəraitinin ayın 26-a kimi davam edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə