İranın Azərbaycandakı səfiri münasibətlərimizdən danışdı

İranın Azərbaycandakı səfiri münasibətlərimizdən danışdı

""Wall Sreet hərəkatı və Avropa ölkələrindəki xalq etirazları dünyadakı mövcud kapitalizm quruluşunun ağır iqtisadi böhrana düçar olmasının nəticəsidir. Qərb dövlətləri öz xalqlarının bu etirazlarını gizlətmək məqsədilə, hər zaman region dövlətlərinə, o cümlədən İrana qarşı təxribat həyata keçirmək məqsədi güdür". SİA-nın İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu səfir Məhəmmədbağır Bəhrami "İRNA"-ya müsahibəsində deyib.

Səfir bildirib ki, ABŞ və beynəlxalq sionizm İranla region dövlətləri arasında ziddiyyət yaratmaq niyyətindədir: "Lakin onlar bilməlidirlər ki, dünya imperializminin bu sahədəki təxribat və planları effekt verməyəcək".

Diplomat qeyd edib ki, Orta Şərqdəki xalq qiyamları İslamyönlü olaraq, böyük İslam sivilizasiyasının gerçəkləşdirilməsi istiqamətində irəliləyir, kapitalizm quruluşu və sionist rejiminin dağılmasına çox qalmayıb.

M. Bəhrami, həmçinin İran İslam Respublikası və Azərbaycan Respublikasının münasibətlərinin dostluq və qardaşlıq üzərində qurulduğunu vurğulayıb: "İki ölkənin xalqlarını ortaq mənəvi və mədəni tellər bir-birinə bağlayır, heç bir məsələ bu əlaqələri kölgə altına sala bilməz. İranla Azərbaycan arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün böyük imkanlar mövcuddur və hər iki ölkənin rəhbərlərinin iradəsi hər zaman iki xalqın əlaqələrinin tarixi, dini və mədəni əsaslar üzərində möhkəmləndirilməsinə yönəlib. Heç bir amil bu əlaqələrə mənfi təsir edə bilməz".

Diplomat, həmçinin İran və Azərbaycan KİV-lərinin iki ölkə arasında münasibətlərin daha da genişlənməsindəki aktiv rolunun əhəmiyyətini qeyd edib: "KİV-lər iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edən materialların yayımına, fəaliyyətlərində prioritet kimi yanaşmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə