TBMM üzvü: "Qarabağ münaqişəsi həll olunmadan sərhədlərin açılması mümkünsüzdür"

TBMM üzvü: "Qarabağ münaqişəsi həll olunmadan sərhədlərin açılması mümkünsüzdür"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən qonaq Azərbaycanda gedən sürətli inkişafdan təəssüratlandığını vurğulayıb.


V.Bozkır ölkəmizi BMT Təhlükəsizlik Şurasının 2012 – 2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edərək Azərbaycan kimi gənc bir dövlətin bu mötəbər quruma seçilməsindən fərəh hissi keçirdiyini vurğulayıb.


Nümayəndə heyətini salamlayan nazir Elmar Məmmədyarov V.Bozkıra təbriklərə görə təşəkkür edərək, Azərbaycanın BMT TŞ-ya qeyri-daimi üzvlüyü müddətində qlobal və regional məsələlərin həllində effektiv və yaxından iştirak edəcəyinə əmin olduğunu bildirib.


Görüşdə nazir E.Məmmədyarov Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə aparılan danışıqların hazırkı durumu barədə məlumat verib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən birmənalı olaraq çıxarılmasının və Azərbaycan Respublikasının ərazi bütövlüyünun bərpa olunmasının zəruriliyini qeyd edib.


V.Bozkır münaqişənin tezliklə həll olunacağına ümidvar olduğunu dilə gətirib və bu münaqişə həll olunmadan Türkiyə-Ermənistan sərhədlərinin açılmasının mümkünsüzlüyünü və protokolların TBMM-də ratifikasiya olunmayacağını qeyd edib.


Görüşdə həmçinin regionda baş verən hadisələr və qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə