Respublika Baş Prokurorluğu Rafiq Tağının bıçaqlanması ilə bağlı məlumat yayıb

Respublika Baş Prokurorluğu Rafiq Tağının bıçaqlanması ilə bağlı məlumat yayıb
Noyabrın 19-da saat 22 radələrində Bakı şəhəri 8 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim işləyən Tağıyev Rafiq Nəzir oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə Klinik Tibb Mərkəzinə daxil olub. Respublika Baş Prokurorluğundan SİA-ya verilən məlumata görə, Rafiq Tağıyev işdən evə gedərkən yaşadığı evin yaxınlığında naməlum şəxs ona bıçaqla çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Hadisə ilə bağlı Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilib. İşin istintaqı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə hazırda hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə