Prezident İlham Əliyev Oğuz şəhər mədəniyyət və istirahət parkının açılışında iştirak edib - FOTO

Prezident İlham Əliyev Oğuz şəhər mədəniyyət və istirahət parkının açılışında iştirak edib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Oğuz şəhər mədəniyyət və istirahət parkının açılışında iştirak edib. SİA-nın xəbərinə görə, dövlətimizin başçısına məlumat verilərək qeyd edilib ki, son illər Oğuzda sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri, onların istirahəti üçün mühüm işlər görülüb. Tikintisinə 2008-ci ildə başlanılan, ümumi sahəsi iki hektar olan parkın giriş qapısının üzərində dövlət bayrağının təsviri əks olunub. Parkda örtülü kölgəliklər, su hovuzları və biri musiqili olmaqla beş fəvvarə, uşaq əyləncə meydançası qurulub. Mədəniyyət və istirahət parkında yaradılmış 120 yerlik amfiteatrda müxtəlif tədbirlərin, o cümlədən konsert proqramlarının təşkili üçün geniş imkanlar vardır. Burada, həmçinin gümbəz formasında 12 istirahət guşəsi yaradılıb. Bildirilib ki, parkda geniş abadlıq-quruculuq işləri həyata keçirilmiş, səkilər salınmış, yaşıllaşdırma işləri görülmüş, dekorativ gül kolları və ağaclar əkilib. Prezident İlham Əliyevə parkın yaxınlığında, Heydər Əliyev prospektinin başlanğıcında yaradılmış Bayraq Meydanı haqqında da məlumat verilib. Qeyd olunub ki, ümumi ərazisi min kvadratmetr olan meydanın inşasına 2011-ci ilin avqustunda başlanılıb. Burada quraşdırılan bayraq dirəyinin hündürlüyü 50 metrdir. Bu isə Azərbaycanın dövlət bayrağının Oğuz şəhərinin bir çox yerindən görünməsinə imkan yaradır. Bayrağın uzunluğu 15, eni isə 7,5 metrdir. Bayraq dirəyinin ətrafında ərazisi 200 kvadratmetr olan təbii qranitdən meydança, 300 kvadratmetr beton daşlarla üzlənmiş sahə, 500 kvadratmetr yaşıllıq zolağı salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Bundan başqa, meydanın ətrafında 3,5 min kvadratmetrədək ərazidə abadlıq işləri aparılmış, yollar genişləndirilib. Dövlətimizin başçısı parkda Oğuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Rayon sakini Xalid Babayev oğuzlular adından Prezident İlham Əliyevə minnətdarlıq edib.


Bütün xəbərlər Facebook səhifəmizdə