Talib Rifai: \"Dağlıq Qarabağ problemi ilə bağlı BMT-nin, eləcə də dünya ictimaiyyətinin mövqeyini paylaşırıq\"
Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Talib Rifai Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində mədəni və turizm obyektlərinin məhv edilməsinə münasibət bildirib.
SİA-nın verdiyi məlumatına görə, Talib Rifai jurnalistlərə açıqlamasında bildirib ki, ÜTT-nin əsas vəzifələrindən biri dünya üzrə mədəni, tarixi irsin qorunması üçün təbliğat aparmaqdır.
\"Bizim fikrimizcə, hansısa ölkədə mədəni və ya tarixi abidə təkcə həmin ölkəyə, xalqa məxsus deyil. O, ümumbəşəri bir dəyərdir. Ona görə də, biz çalışırıq ki, həmin mədəni və ya tarixi abidələrlə bağlı hansısa problemlər yaranmasın\", - baş katib əlavə edib.
Talib Rifai həmçinin Dağlıq Qarabağın turizm imkanları ilə tanış olmaq üçün həmin bölgəyə nə vaxtsa səfər edəcəyinə ümid bəslədiyini deyib. O yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsinin həll ediləcəyinə ümidvar olduğunu bildirib.
Eyni zamanda baş katib: \"Biz BMT-nin xüsusi qurumu olaraq, bu problemlə bağlı BMT-nin digər qurumları, eləcə də dünya ictimaiyyətinin mövqeyini paylaşırıq. Ümid edirik ki, bu problem tez bir zamanda hər bir tərəfin maraqlarına uyğun şəkildə həll olunacaq\", - deyə əlavə edib.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB