Azərbaycan Prezidenti Dünya Turizm Təşkilatının baş katibini qəbul edib

Azərbaycan Prezidenti Dünya Turizm Təşkilatının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul edib.

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ölkəmizdə turizm sektorunun inkişafına yaradılan yüksək şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyasının Koreyada keçirilən iclasında Azərbaycanın Avropa regionu üzrə təşkilatın vitse-prezidenti seçilməsinin önəmini qeyd edib. Taleb Rifai Azərbaycanın Dünya Turizm Təşkilatının "Qızıl kitab" hərəkatına qoşulması barədə təşkilatın dəvət məktubunu dövlətimizin başçısına təqdim edib.

Ölkəmizdə 2011-ci ilin "Turizm ili" elan olunduğunu vurğulayan Prezident İlham Əliyev Azərbaycanda turizm sektorunun dövlətin əsas prioritet sahələrindən biri olduğunu qeyd edib. Dövlətimizin başçısı gözəl təbiətə və müxtəlif iqlim qurşağına malik olan ölkəmizdə ən müasir və cəlbedici turizm infrastrukturunun yaradılması üçün səylərin daha da artırılacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə