Qabil Hüseynli: “İranda bəzi qüvvələr Azərbaycanla münasibətləri gərginləşdirməyin tərəfdarıdırlar”- MÜSAHİBƏ (SƏS TV)

Qabil Hüseynli: “İranda bəzi qüvvələr Azərbaycanla münasibətləri gərginləşdirməyin tərəfdarıdırlar”- MÜSAHİBƏ (SƏS TV)

- Qabil müəllim, İranla bağlı dünyada gedən proseslərə istinad edən hərbi və siyasi ekspertlər bu ölkənin yaxın günlər və ya həftələrdə vurulacağının mümkünlüyünü qeyd edirlər. Sizcə, bu nə dərəcə real ola bilər?

- Gec-tez İrandan hesab soruşulacaq. Ancaq, İranın tezliklə vurulacağına inanmıram. Çünki bu gün gündəlikdə söhbət sanksiyaların genişləndirilməsi, daha iri miqyaslı sanksiyalar sisteminin tətbiq edilməsi və bir növ İranın iqtisadiyyatını və daxili vəziyyətini iflic vəziyyətinə gətirə biləcək qərarların qəbul edilməsindən gedir. Hətta neftin alınmasını belə dayandırmaq iddiası səslənir. Bu isə geniş sanksiyaların genişləndirilməsi deməkdir. Bununla da İran hədsiz dərəcədə çətin vəziyyətə düşə bilər. İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) açıqlanmasını qəbul etməsə də, MAQATE hesab edir ki, İran 3 və ya 4 atom bombasının istehsalına yetə biləcək saflaşdırılmış uran-32 maddəsinə malikdir. Hətta guya Tehranın yaxınlığında atom bombasının sınağı üçün poliqon da hazırlanıb. Bunun süni peyklər vasitəsilə şəkli də çəkilib. İranın nüvə tədqiqatlarının dinc istiqamətdən çıxaraq hərbi məqsədlərə yönəldiyi haqqında əllərində təkzibedilməz faktların olması barədə fikirlər səsləndirilib. Bu da Qərb ölkələrini, xüsusilə İsraili narahat edir. İranın istehsal etdiyi hərbi texnikalar Rusiyanın nüvə silahları ilə demək olar ki, eynidir. İsrail tərəfi isə israrla həm digər ölkələri, həm də Amerikanı inandırmağa çalışır ki, nüvə obyektlərinə hava zərbələri endirilməlidir. İngiltərə də bunu bu və digər tərəfdən müdafiə edir. İrana sanksiyalarla bərabər diplomatik basqılarda olacaq.

- İrana hərbi hücum olacağı təqdirdə Azərbaycan nə etməlidir?

- İlk olaraq onu qeyd edim ki, biz müharibə istəmirik. Müharibə olacaqsa bu, hərbi hava qüvvələrinin iştirakı ilə baş tutacaq. Nöqtə zərbələrini özündə ehtiva etdirəcək. Tehran bombardman edilə bilməz. Dünya da bunu heç vaxt qəbul edə bilməz. Azərbaycan İranla bütün yaxınlıq əlaqələrinə əməl edir. Ancaq buna baxmayaraq İran tərəfi son zamanlar Azərbaycana qarşı təhdidlər irəli sürür. Hətta Azərbaycana necə yaşamağı və necə hərəkət etməyi belə öyrətmək istəyir. İranda elə qüvvələr var ki, Azərbaycanla münasibətləri gərginləşdirməyin tərəfdarıdırlar. İsraillə olan münasibətlərdən isə kifayət qədər yararlana bilirik. İki ölkə arasında ticarət əlaqələri var.

- İranlı deputat Zöhrə Elahian iddia edib ki, "Mossad" (İsrail), Mərkəzi Kəşfiyyat İdarəsi (ABŞ) və Mİ 6 (Britaniya) Azərbaycan və Türkmənistanda casus mərkəzləri təsis ediblər və İran barədə məlumat toplayırlar. Bu iddiaların hər hansı bir əsası varmı?

- İran kələfin ucunu itirmiş ölkədir. Təhlükənin haradan gəldiyini dəqiq bilmir. Öz ərazisində 100 mindən çox erməni yaşayır. Erməni dilində təhsil almaq üçün təhsil ocaqları yaradıblar. İranda düşünmürlər ki, oradakı ermənilər ABŞ-ın casusu ola bilər. Çünki casusluq onların xislətində var. Azərbaycanın İranla bağlı heç bir problemi yoxdur. Əksinə İran mütəmadi olaraq ölkəmiz əleyhinə qərəzli fikirlər, təhdidlər səsləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə