Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib

Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib

Noyabrın 3-4-də Bakıda Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında konsulluq məsələlərinə dair məsləhətləşmələr keçirilib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə nazirliyin Konsulluq İdarəsinin rəisi Mehriban Nəcəfova, Gürcüstan nümayəndə heyətinə isə XİN-in Konsulluq Departamentinin direktoru Giorgi Tabatadze başçılıq edib.

Görüşdə Azərbaycanla Gürcüstan arasında müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin uğurla davam etdirilməsi, xüsusilə cari il ərzində Gürcüstanın yüksək səviyyəli rəsmi şəxslərinin Azərbaycana rəsmi səfəri, eləcə də ölkələr arasında mövcud hökumətlərarası komissiyanın növbəti görüşü nəticəsində əldə olunmuş uğurlar, konsulluq sahəsi üzrə əməkdaşlığın inkişafı kimi məsələlərin əhəmiyyəti vurğulanıb.

Tərəflər konsulluq sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi üçün hazırkı məsləhətləşmələrin keçirilməsinin vacibliyini qeyd ediblər. Məsləhətləşmələr zamanı Azərbaycanda və Gürcüstanda yaşayan tərəflərin vətəndaşlarının hüquqi vəziyyəti, iki ölkə arasında bağlanmış mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında müqavilədən irəli gələn öhdəliklərin icrası vəziyyəti, hər iki ölkədə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu, miqrasiya proseslərini tənzimləyən qanunvericilik aktları və onlara edilmiş son dəyişikliklər haqqında məlumat mübadiləsi aparılıb.

Eyni zamanda ikili vətəndaşlıq və vətəndaşsızlıq hallarının aradan qaldırılması, Azərbaycan və Gürcüstanın cəzaçəkmə müəssisələrində cəza çəkən, tərəflərin vətəndaşı olan məhkumların verilməsi, onlara hüquqi yardımın göstərilməsi istiqamətində əməkdaşlıq kimi vacib məsələlər müzakirə edilib.

Tərəflər konsulluq əməliyyatlarının aparılması, eləcə də biometrik identifikasiya tələblərinə uyğun sənədlərin istehsalı sahəsində təcrübə mübadiləsi istiqamətində razılığa gəliblər. Məsləhətləşmələrin sonunda tərəflər arasında müzakirə olunan məsələlərə dair niyyət protokolu imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə