Amerikanın "The Christian Science Monitor" qəzeti "Türkiyə və İranın "Ərəb Baharı" inqilablarına qarşı sərgilədiyi yanaşmaların bu iki ölkənin bir-birindən uzaqlaşmasına və aralarındakı köhnə regional rəqabətin yenidən canlanmasına gətirib çıxardığını" yazıb.

SİA xəbər verir ki, qəzetdə Scott Peterson imzasıyla dərc olunan məqalədə "Türkiyə və İran arasında sürətlə ortaya çıxmaqda olan ziddiyyət osmanlılar ilə iranlılar arasında əsrlərə söykən rəqabəti yenidən aktuallaşdırıb. Ərəb dünyasındakı qiyamlar Türkiyə-İran dostluğunu gün-gündən böyüyən rəqabətə çevirdi" kimi təhlil edilib.


"Türkiyənin iqtisadi qüdrətinin artdığı, əhalisinin sosial durumunun yaxşılaşdığı bir vaxtda İran kənarda dayanıb yalnız hiddətlənir" yazılan məqalədə Türkiyənin "qazanan", İranın isə "itirən" tərəf olduğu haqda şərh verilib.


Məqalədə "Mütəxəssislər Türkiyənin Tunis, Liviya, Misir və xüsusilə də Suriyada dünyəvi və demokratik hərəkatların baş verdiyi hadisələrə obyektiv qiymət verdiyini bildirir və qazanan tərəf olduğunu düşünürlər. İranda isə demokratik olmayan molla rejimi bu mərhələdə itirən kimi görünür" ifadəsi qeyd edilib.


İranın "Ərəb Baharı"na gətirib çıxaran hadisələrin 1979-cu ildəki İran İslam İnqilabının yeni modeli - "İslami oyanış" olduğunu iddia etdiyi yazılan məqalədə belə yanaşmanın Tehranın Ərəb dünyası ilə əlaqələrinə ciddi ziyan vurduğu haqda fikirlər yer alıb.

Məqalədə Türkiyənin "dünyəvi və demokratik iqtidar, yeni bir islami model" olaraq cnüfuzunun artırdığı şərhi edilib.


Məqalədə həmçinin qeyd edilib ki, Türkiyə ilə İran arasındakı ziddiyyətlərin yaranmasının əsas səbəbi kimi Suriyada yaşananların olduğunu demək olar. Suriya dövlət başçısı Bəşər Əsədin hərəkətləri haqqındakı fərqli yanaşmaları iki ölkənin münasibətlərini gərginləşdirən növbəti faktlardan biridir.


Türkiyənin Suriyadakı müxalifətə verdiyi dəstəkdən hiddətlənən Tehranın məsələyə yanaşması barədə qeydlər edilmiş həmin məqalədə İranın bu sayaq münasibətlərindən heç nə qazanmadığı, əksinə regionda nüfuzdan düşdüyü bildirilib. İnqilablardan sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Misir, Liviya və Tunisdə hakimiyyətə gələn tərəflərlə münasibətləri yeni çalarda qurmaq məqsədi ilə bu ölkələrə səfər etməsi də diqqət çəkən məqamlardandır. İran rəsmiləri isə nəinki yeni iqtidarlarla əlaqə yaratmaq istəmir, əksinə müxalifətə dəstək nümayiş etdirir.


Bütün xəbərlər Facebook səhifəmizdə