İqtisadi inkişaf naziri Balkan ölkələrinə gedir

İqtisadi inkişaf naziri Balkan ölkələrinə gedir

Bu ilin noyabrın 3-dən etibarən iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Balkan ölkələrində - Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfərdə olacaq. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nümayəndə heyətinə rəsmi şəxslərlə yanaşı, iş adamları da daxildir.

Səfər çərçivəsində noyabrın 3-də Serbiyanın paytaxtı Belqradda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın I iclası keçiriləcək.

Noyabrın 4-də isə Azərbaycan və Balkan ölkələri arasında İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Serbiyanın Ticarət və Sənaye Palatasının və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin təşkilatçılığı ilə Azərbaycan - Balkan ölkələri biznes forumu keçiriləcək.

Səfər çərçivəsində həmçinin, Azərbaycan nümayəndə heyətinin Balkan ölkələrində bir sıra işgüzar görüşləri nəzərdə tutulur. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı tərəfindən Balkan ölkələri ilə investisiya imkanlarının genişləndirilməsi barədə tapşırıq verilib.

Qeyd edək ki, Azərbaycanla Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya 2011-ci ildə yaradılıb. Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Serbiya tərəfdən isə bu ölkənin xarici işlər naziri Vuk Yeremiçdir.

Bütün xəbərlər Facebook səhifəmizdə