Milli Məclisin deputatı Stokholmda Türk Gənclər Federasiyasının fəalları ilə görüşüb

Milli Məclisin deputatı Stokholmda Türk Gənclər Federasiyasının fəalları ilə görüşüb

İsveçdə səfərdə olan Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Stokholmda İsveç Türk İşçi Dərnəkləri Federasiyasının rəhbəri, Stokholm Böyük Şəhər Bələdiyyə Məclisinin üzvü Həsən Dölek, Türk Gənclər Federasiyasının sədri Erol Yücel və təşkilatın fəalları ilə görüşüb.

SİA-nın aldığı məlumata görə, Q.Paşayeva onlara Azərbaycanın müstəqilliyinin bərpasından ötən dövrdə əldə olunan uğurlar, Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində 250 mindən çox azərbaycanlının öz tarixi ata-baba yurdlarından zorla qovulması, Azərbaycan torpaqlarının 20 faizdən çoxunun işğal edilməsi, erməni vandallarının işğal olunmuş ərazilərimizdə törətdikləri terror aktları və digər vəhşiliklər barədə ətraflı məlumat verib. Ermənistanın işğalçılıq fəaliyyətinə son qoyulması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrin təcavüzkar tərəfindən indiyə qədər yerinə yetirilmədiyi bir daha vurğulanıb.

Milli Məclisin deputatı bildirib ki, dünyanın hər yerində, o cümlədən İsveçdə yaşayan türklər Ermənistanın törətdiyi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə daha geniş çatdırılması, qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar. O, İsveçdə yaşayan türk əsilli insanların və onların təşkilatlarının əlaqələndirilmiş şəkildə, biri-birilərinə dəstək verərək çalışmalarının və türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının vacibliyini qeyd edib.

Həsən Dölek, Erol Yücel və təşkilatın fəalları bu istiqamətdə səylərinin və gördükləri işlərin getdikcə sürətlənməsini zəruriliyini vurğulayıb, görülən işlər, əldə edilən müəyyən nəticələr və nəzərdə tutulan layihələr barədə məlumatlar veriblər.

Onlar Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin daha geniş yayılması istiqamətində təşkilatlarının səylərini daha da artıracaqlarını bildiriblər.

Q.Paşayeva onlara Azərbaycanın tarixi, Qarabağ həqiqətləri ilə bağlı kitablar və materiallar təqdim edib, onları Bakıya dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə