Xarici İşlər Naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ilk növbədə Aİ nümayəndəsi Azərbaycan tərəfini BMT Təhlükəsizlik Şurasının 2012 – 2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik etmiş və uğurlar arzulayıb. Filip Lefort ölkəmizin bu mötəbər quruma qeyri-daimi üzv qismində seçilməsini Azərbaycan kimi gənc ölkə üçün böyük nailiyyət olduğunu vurğulayıb.
Görüş zamanı F.Lefort həmçinin Aİ ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu qeyd edib. Nazir Elmar Məmmədyarov Aİ nümayəndəsinə təbriklərə görə təşəkkür edərək, Azərbaycanın BMT TŞ-ya qeyri-daimi üzvlüyü müddətində qlobal və regional məsələlərin həllində effektiv və yaxından iştirak edəcəyinə əmin olduğunu bildirib.
Nazir E.Məmmədyarov bundan öncə Azərbaycanın müxtəlif humanitar missiyalarda iştirak etdiyini və ümumiyyətlə beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. Nazir Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu bildirərək, ölkəmizin dünyada multikulturalizmin inkişafına tövhə verəcəyinə əminliyini qeyd edib.
Xarici İşlər Naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin xarici siyasətimizin ən yüksək prioritet təşkil edən məsələsi olduğunu vurğulayaraq, bu münaqişənin Azərbaycan üçün ən böyük problem olduğunu tərəf müqabilinin diqqətinə çatdırıb. Nazir bildirib ki, münaqişənin nizamlanması üçün ən böyük maneə Azərbaycan torpaqlarının hələ də erməni silahlı qüvvələri tərəfindən işğal altında olması faktıdır.
Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB