İlham Əliyev: “Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü uzun illərdir ki, pozulub”

İlham Əliyev: “Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü uzun illərdir ki, pozulub”
Xəbər verildiyi kimi Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) I Zirvə Toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Toplantısında iştirak edib və nitq söyləyib.
SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə dövlətimizin başçısı ilk növbədə zirvə görüşünü yüksək səviyyədə təşkil etdiyinə görə Qazaxıstan prezidentinə minnətdarlığını bildirib. Prezident bildirib ki, bizim xalqlarımızı ortaq tarix, ortaq köklər birləşdirir. Ancaq müstəqilliyimizin cəmi 20 yaşı vardır. Bu 20 il ölkələrimiz üçün həlledici illər olub. Bu illər ərzində ölkələrimizdə dövlətçilik əsasları formalaşdırılıb. Bu illər ərzində biz çox əsaslı, köklü iqtisadi və siyasi islahatlar apardıq. İyirmi il keçdikdən sonra görürük ki, ölkələrimiz dünya xəritəsində layiqli yerini tuta biliblər.
"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə Görüşünün Qazaxıstanda keçirilməsi də hesab edirəm ki, təbiidir. Çünki Qazaxıstan Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafı üçün çox böyük töhfə vermişdir. Bu zirvə görüşünün təşkili özlüyündə Qazaxıstanın rolunu bir daha vurğulayır", - deyə Azərbaycan prezidenti qeyd edib.
Azərbaycana gəldikdə, ölkə rəhbəri qeyd edib ki, bizim bütün türkdilli dövlətlərlə çox gözəl, işgüzar və səmimi münasibətlərimiz vardır. Biz bu münasibətləri yüksək qiymətləndiririk. Biz çoxtərəfli formatda da, müxtəlif təşkilatlar çərçivəsində və beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq edirik. Beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək əlbəttə ki, bizi daha da gücləndirir. Biz BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, İƏT və digər təşkilatlarda uğurla fəaliyyət göstəririk.
"Azərbaycanın qarşısında duran əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemidir. Münaqişə uzun illərdir ki, həll olunmamış qalır. Bu, nəinki bizim üçün, bütün bölgə üçün ən böyük təhlükə mənbəyidir və ədalətsizlikdir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü uzun illərdir ki, pozulubdur. Azərbaycanlılara qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılmışdır. Bu siyasət nəticəsində 1 milyona yaxın azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür, torpaqlarımızın 20 faizi işğal altındadır. Bütün əsas beynəlxalq təşkilatlar məsələ ilə bağlı öz mövqeyini bildirmişlər. İlk növbədə dünyanın ən mötəbər beynəlxalq təşkilatı BMT və onun Təhlükəsizlik Şurası müvafiq qətnamələr qəbul etmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ki, orada Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair məsələlər vurğulanır", - dövlət başçısı bildirib.
ATƏT-in qərarlarının, İslam Əməkdaşlığı Təşkilatının çoxsaylı qətnamələrinin, Avropa Şurası, Avropa Parlamenti və digər təşkilatların qərarlarının münaqişənin həlli üçün çox güclü hüquqi zəmin yaratdığını deyən prezident İlham Əliyev: "Ancaq əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqların süni şəkildə uzadılması cəhdləri imkan vermir ki, bu məsələ öz həllini tapa bilsin. Bu münaqişə zamanı Azərbaycan, eyni zamanda, terrorizmə də düçar olmuşdur. Ölkəmizdə çoxsaylı terror aktları törədilmişdir və bu terror aktları nəticəsində iki mindən artıq dinc insan həlak olmuşdur", - deyə vurğulayıb.

Azərbaycan Prezidenti türkdilli ölkələrə bizim təşəbbüsü dəstəklədikləri üçün minnətdarlığını bildirib və TÜRKSOY Fondunun yaradılması məsələsinə toxunaraq konkret təkliflərin olduğunu deyib: "Əminəm ki, bu Fondun fəaliyyətə başlaması hər bir türkdilli diyarda öz izini buraxacaqdır. Çünki bu Fondun xətti ilə tarixi abidələrin bərpası, kitabların nəşri, mədəni tədbirlərin keçirilməsi mümkün olacaqdır. Hər bir vətəndaş görəcək ki, bu Fondun real nəticələr vardır. Mən, ümumiyyətlə, hesab edirəm ki, biz növbəti mərhələdə, xüsusilə indi Əməkdaşlıq Şurası formalaşdıqdan sonra diqqətimizi daha çox real layihələrə yönəltməliyik. Çünki bu günədək kifayət qədər ciddi bəyanatlar artıq verilmişdir, sənədlər imzalanmışdır. Bu zirvə görüşünün nəticəsində də çox sanballı sənəd qəbul ediləcəkdir. Ona görə, əgər biz növbəti illərdə daha çox konkret layihələrə diqqət yetirsək bu, təşkilatımızın inkişafı və ölkələr arasındakı əlaqələrin möhkəmlənməsi üçün də müsbət rol oynayacaqdır. Biz buna hazırıq və konkret layihələrin icrası ilə bağlı təkliflərimizi də verəcəyik".
Prezident qeyd edib ki, Azərbaycan son illər ərzində enerji təhlükəsizliyi məsələlərinə də öz töhfəsini verir. Hazırda bizim enerji resurslarımız müxtəlif yollarla dünya bazarlarına çıxarılır. Bu istiqamətdə vaxtilə Azərbaycan tərəfindən tikintisi başlanmış və uğurla başa çatmış Bakı-Tbilisi-Ceyhan neft kəmərinin önəmini xüsusilə vurğulamaq istəyirəm. Bu kəmər, sadəcə olaraq, Xəzər dənizinin neftini dünya bazarlarına, Aralıq dənizinə çatdırmaq üçün tikilməmişdir. Bu, əslində yeni bir dəhlizdir. İlk növbədə enerji dəhlizi, ondan sonra qaz kəməri həmin dəhliz üzərində tikilibdir. İndi dəmir yolu dəhlizi tikilir və bütövlükdə bu, Şərqi Qərb ilə, Asiyanı Avropa ilə birləşdirən birinci ciddi təşəbbüs idi. Artıq bu kəmər vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda, Xəzər dənizinin şərqində yerləşən yataqlardan çıxarılan neft də ötürülür.
Biz tranzit imkanlarımızı qardaş ölkələr üçün təqdim etmişik. Mən çox şadam ki, bizim tranzit imkanlarımızdan bu gün həm Qazaxıstan, həm Türkmənistan istifadə edir. Əminəm ki, gələcək illərdə bu tranzit imkanları daha da genişlənəcəkdir. Bu məqsədlə Azərbaycan hazırda çox böyük investisiyalar qoyur, logistika mərkəzləri yaradılır, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilir və iki–üç ildən sonra bu liman istifadəyə veriləcəkdir. Biz indi nəqliyyat infrastrukturunun yaradılmasına da çox böyük əhəmiyyət veririk. Yeni bərələr, tankerlər alınır, Bakıda yeni müasir gəmiqayırma zavodu tikilir. Aydındır ki, bütün investisiyalar və infrastruktura qoyulan sərmayə təkcə bizim üçün deyil, bütün Xəzəryanı ölkələr üçün də lazım olacaqdır. Çünki Xəzər qapalı dənizdir və təbii ki, orada istehsal olunan gəmilər, tankerlər ancaq Xəzər dənizində çalışacaqdır. Biz bütün işləri görürük ki, gələcəkdə Xəzər dənizinin şərqindən bu tərəfə və əks tərəfə böyük yüklərin qəbuluna hazır olaq.
"Gələn ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolunun da tikintisi başa çatmalıdır və 2013-cü ildən başlayaraq bu dəmir yolu istismara verilməlidir. Bu, əslində çox böyük iqtisadi və siyasi bir layihədir. Biz bu layihəyə başlayanda əlbəttə ki, ilk növbədə, dəmir yolu ilə Azərbaycanı Türkiyəyə birləşdirmək istəyirdik. Çünki bu dəmir yolu bağlantısı yox idi. Ancaq layihənin icrası onu göstərdi ki, həm Avropada, həm Asiyada bu layihəyə çox böyük maraq vardır", dövlət başçısı bildirib.
"Türk dünyası böyük dünyadır. Biz elə etməliyik ki, türk dünyası daha da sıx birləşsin. Bunu etmək üçün bütün imkanlar vardır. İlk növbədə güclü siyasi iradə vardır. Bu zirvə görüşlərinin mütəmadi keçirilməsi, bu gün birinci Əməkdaşlıq Şurasının keçirilməsi, qəbul ediləcək qərarlar çox ciddi siyasi iradənin mövcudluğunu göstərir. Digər tərəfdən iqtisadi maraqlar da bizim iqtisadi maraqlarımızla üst-üstə düşür", - vurğulayan ölkə rəhbəri bildirib ki,
Bizim - Qazaxıstanın, Azərbaycanın və digər türkdilli dövlətlərin zəngin təbii ehtiyatları vardır. Biz bu ehtiyatları dünya bazarlarına çatdırmaq üçün müxtəlif yollardan istifadə edirik. Bizim Türkiyə kimi dostumuz vardır. Qeyd edildiyi kimi, bizim müstəqilliyimizi ilk tanıyan Türkiyə olmuşdur. Türkiyə böyük ərazidir, böyük iqtisadiyyatdır, böyük nəqliyyat imkanlarına malikdir. Bütün bu səyləri biz birləşdiririk və artıq əməkdaşlığın çox gözəl nəticələri vardır. Əminəm ki, artıq yaradılmış bu möhkəm zəminin üzərində növbəti illərdə biz böyük, gözəl binalar tikəcəyik. Bu, dostluğumuzun, qardaşlığımızın binaları olacaqdır. Qardaşlığımızın böyük tarixi və böyük gələcəyi vardır.

Bütün xəbərlər Facebook səhifəmizdə